Aşıq Samirə
Samirə Əliyeva (tam adı: Samirə Zimirxan qızı Əliyeva; 29 sentyabr 1981, Bakı) — ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, azərbaycanlı aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, 2014-2017-ci illərdə Prezident Mükafatçısı, Azərbaycan Aşıqlar Birliyinin üzvü.
== Həyatı və təhsili ==
Samirə Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. Təhsilinə 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə başlayaraq, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili almışdır. 1991-ci ildən aşıq sənəti ilə məşğuldur.
2006-cı ildən ADMİU-nun dissertantı olmuş Samirə Əliyeva 2013-cü ildə tədqiqat işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunmuşdur.
== Fəaliyyəti ==
Samirə Əliyeva 2004-cü ildən ADMİU-nun "Estrada və populyar musiqi" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb.
2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışır. 2022-ci ildən kafedranın müdiridir.