SƏPMƏK₁

f.
1. Toxumu səpin üçün hazırlanmış torpağa səpələmək; toxum atmaq, əkmək. Çiyid səpmək. – …Vəliqulu çöldə idi.
Zəmiyə toxum səpirdi. C.Məmmədquluzadə.
[Tarverdi:] …İkicə pud bu il yerə [buğda] səpdim. C.Cabbarlı.

2. Tökmək (toz halında olan şeylər haqqında). Tarlaya dərman səpmək. Qapının qabağına qum səpmək.
– Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov.

// Dən atmaq, yem tökmək.
[Novruzəli xana:] Xan, qadanı alım, bu xoruzlar qaldılar burada, heyvandılar, qoyaydın qıçlarını açıb bir az burada dən səpəydim. C.Məmmədquluzadə.
Sənəm qarı balağından çəngə ilə dən götürüb … toyuqcücələrə səpirdi. Ə.Məmmədxanlı.

// Çiləmək, tökmək, səpələmək (maye haqqında). Başına ətir səpmək.
– Araşqının təpəndə; Üzə gülab səpəndə; Könül çatar murada; Ağ üzündən öpəndə. (Bayatı).
Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə. Koroğlu”.
…Nökərlər də Rzaquluxanın üzünə su səpib huşa gətirməyə çalışırdılar. M.S.Ordubadi.

3. Pərakəndə halda atmaq, necə gəldi atmaq, tökmək, töküb-töküşdürmək. Paltarları evin içinə səpmək.
– Bir gün Sürəyyanın cehizlərini qayınatası çıxardıb, evdən birbəbir həyətə səpdi. Çəmənzəminli.
[Birinci fəhlə:] Budur ha, genə kağız səpiblər ki… H.Nəzərli.

4. Yağmaq, səpələmək. Yağış səpir.
– Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət.

5. Atmaq (çoxlu miqdarda). Səlim dayana bilmədi.
Bir qatar güllə səpdi… Mir Cəlal.

6. Obrazlı təşbehlərdə: işıq səpmək, nur səpmək, səadət çiçəyi səpmək və s.
7. Bir sıra isimlərlə işlənərək müxtəlif ifadələr düzəldilir; məs.: yarasına duz səpmək, gözünə torpaq səpmək, ürəyinə soyuq su səpmək və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏPMƏK 1. SƏPMƏK, ƏKMƏK, BASDIRMAQ (toxumu) 2. səpmək bax çiləmək
  • SƏPMƏK əkmək
  • SƏPMƏK çiləmək — sıçratmaq — fışqırtmaq
  • SƏPMƏK ələmək — tökmək — yaymaq — dağıtmaq

Antonimlər (əks mənalı sözlər)

  • SƏPMƏK SƏPMƏK – YIĞMAQ Vaxtında səpək, vaxtında yığaq, vaxtında təhvil verək (Ə.Vəliyev)

Etimologiya

  • SƏPMƏK Sapma vurmaq, sapmaq sözləri ilə qohumdur. “Hər tərəfə yaymaq, saçmaq” deməkdir (toxumu səpirik). (Bəşir Əhmədov
SƏPMƏ₂
SƏPMƏK₂

Digər lüğətlərdə