SƏRXOŞ (spirtli içki içmiş) [Adilə:] Heç ayıb deyildimi, kəndə sərxoş gəlib, sərxoş da getdin (Ə.Qasımov); BƏDMƏST (köhn.), PİYAN (dan.) Bəli, doqquz ayın müddətində otuz doqquz nömrə məcmuə çıxartmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz çaxır içən piyan, yəni bədməst müsəlman şəkli çəkmişik... (C.Məmmədquluzadə); DƏM (məc., dan.) Firuzə: Bağışla, bir az vurmuşam, bir balaca dəm kimiyəm (Anar); DƏMLİ Fedya: Zalım oğlu feldşer yenə bərk dəmli idi (Ə.Məmmədxanlı); KEFLİ Lakin kefli, ağlı başında olmayan adamla ağız-ağıza verməyin nə mənası vardır? (H.Abbaszadə); LÜLQƏNBƏR (dan.) Bərbərzadə: Mühəndislər qucaq-qucağa yatışıblar, özləri də lülqənbər (S.Rəhman); MƏST Üzün gördü peyda könül məst oldu; Nə hacət ki, həşr olunca ayinə (M.V.Vidadi); PAXMEL (dan.) Mətiş: Paxmeləm sən öl, başım boşalmış çəlləyə dönüb... (B.Bayramov); SƏRMƏST Neçin kəsdin sinəm üstən ayaqlar; Üzün göstər, sərməst olsun ayıqlar (M.V.Vidadi); BAŞIDOLU (məc.), NƏŞƏLİ.