TƏRAVƏT

is. [ ər. ] Təzəlik, lətafət, gözəllik.
Çiçəklərin artdı təravətləri; Fərəh verir qəlbə lətafətləri. A.Səhhət.
Bahar bütün təravəti və gözəlliyi ilə [Ümidin] gözləri qarşısında dayandı. B.Bayramov.

2. Təmizlik, saflıq.
Saf, səmimi, heç vaxt öz təravətini itirməyən, solmayan eşq nə gözəldir! Ə.Sadıq.

3. Sərinlik, təmizlik (hava haqqında).
Bundan əlavə, ağaclardan … təravət yayılırdı. H.Seyidbəyli.

4. Sağlamlıq, sağlam görünüş (əsasən gənc yaşlarda). Gənclik təravəti.
– Əsmərin gəncliyi, təravəti Məmmədbağıra oğlan uşağı qədər lazım idi. S.Hüseyn.
Ana oğlunun təravət və gəncliyini bütün vücudu ilə duyurdu. İ.Əfəndiyev.

◊ Təravət vermək1) gözəlləşdirmək, lətafət vermək. Yaz yağışı təbiətə təravət verir.
– Yayın günəşi, qışın şaxtası qızın yanaqlarına xoş bir qırmızılıq və təravət vermişdi. M.Rzaquluzadə;

2) rövnəq vermək, rövnəqləndirmək.
[Xanım] rəngsiz dodaqlarını dili ilə isladıb, əsgimiş üzünə təravət vermək istədi. Çəmənzəminli.

Təravətdən düşmək1) təzəliyini, gözəlliyini, tərliyini, lətafətini itirmək; solmaq, solğunlaşmaq.
Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn;

2) qocalmaq və ya xəstələnmək nəticəsində sağlamlığını, gümrahlığını, sağlam görünüşünü itirmək.
Dilbərim yorulub səyahətindən; Düşübdür o keçən təravətindən. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRAVƏT təzəlik — yenilik
  • TƏRAVƏT təmizlik — saflıq
  • TƏRAVƏT lətafət — gözəllik
TƏRANƏ
TƏRAVƏTLƏNMƏ

Digər lüğətlərdə