İmamzadə Vəli Türbəsi

İmamzadə Vəli Türbəsiİranda, Qəzvinin Ziyaabad kəndinin mərkəzi meydanının ortasında yerləşən bu türbə plan quruluşu baxımından Marağadakı Qırmızı Günbəd Türbəsinə bənzəyir. Abidənin tikinti kitabəsi qalmasa da araşdırmaçı P. Vərcavənd onu hicri VI əsrin (miladi XII əsr) əsəri hesab edir.

İmamzadə Vəli türbəsi
Ölkə  İran
Şəhər Qəzvin
Yerləşir Ziyaabad
Aidiyyatı Böyük Səlcuq imperiyası
Tikilmə tarixi XII əsr
Üslubu Səlcuqlu memarlığı
İmamzadə Vəli türbəsi (İran)
İmamzadə Vəli türbəsi

Türbənin əsas hissəsi planda kvadrat biçimli (5,90 x 5,90 m) olub, qərb tərəfində giriş gözü açılmışdır. Qalan üzlərin bayır səthlərinin hər birini iki sivri dayaz tağça bəzəyir. İmamzadə Vəli türbəsinin Qırmızı Günbəd Türbəsiylə oxşarlığı bununla bitmir. Qəzvində yerləşən bu türbədə də memar əsas tutumu kərpicdən tikmiş və onu iri daşlardan hörülən səki (hündürlüyü 1,10 m) üzərində qaldırmışdır. Qırmızı Günbəd Türbəsinin kubvari gövdəsinin küncləri silindrik kərpic sütunlar şəklində işləndiyi halda, İmamzadə Vəli türbəsində bayır künclər yüngülcə kəsilmişdir. Bayır üzlərdə heç bir bəzək əlaməti yoxdur.

Sonrakı yüzillərdə türbənin qapısı önündə uzunsov yerləşgə artırılmış, qülləvari görünüşünü itirən abidə imamzadəyə çevrilmişdir. Görünür türbənin örtüyü də həmin bərpa və yenidənqurma işləri zamanı dəyişdirilərək indiki biçimə salınmışdır. Çünki, onun uca slindrik boynu və böyük sivriliyi olan günbəz quruluşunun səlcuq dövrü konstruksiyalarına bənzərliyi yoxdur. İmamzadə Vəli türbəsi Səlcuq memarlığı tipinin yayım çevrəsini və təkamül prosesini araşdırmaq baxımından gərəkli əsərdir.[1]

  1. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 117