I Yakov

I Ceyms (ing. I James of England; 19 iyun 1566[1], Edinburq qalası27 mart (6 aprel) 1625) — Şotlandiya, İngiltərəİrlandiya kralı, Stüartlar sülaləsindən İngiltərə taxtına çıxan ilk kral. 24 mart 1603-cü ildən Şotlandiya və İngiltərə birləşdi; parlament, məhkəmə və qanunvericilik strukturu bütövlükdə I Ceymsin əlində cəmləndi.

I Ceyms
ing. James I (VI)
24 iyul 1567 – 27 mart 1625
ƏvvəlkiMariya Stüart
SonrakıI Karl
24 mart 1603 – 27 mart 1625
ƏvvəlkiI Elizabet
SonrakıI Karl
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Edinburq qalası, Şotlandiya
Vəfat tarixi (58 yaşında)
Vəfat səbəbi dizenteriya
Dəfn yeri
Təhsili
Fəaliyyəti şair, yazıçı, monarx, əsilzadə
Atası Henri Stüart
Anası Mariya Stüart
Həyat yoldaşı Danimarkalı Anna
Uşaqları Henri Frederik
Elizabet Stüart
I Karl
Ailəsi Stüartlar
Dini anqlikanizm[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Ceyms həm Şotlandiya kraliçası Mariya Stüartın oğlu, həm də İngiltərə və İrlandiya kralı VII Henrinin kötücəsi idi. Buna görə də hər üç taxtda pay sahibi idi. Hələ 13 aylıq bir körpə ikən anası taxtdan geri çəkilmiş və oğlunu Şotlandiya kralı elan etmişdir. 12 yaşınadək ölkəni 4 müxtəlif taxt naibi idarə etdi. 1578-ci ildə hakimiyyətə özü keçsə də, 1583-cü ilədək dövlət idarəsini tam olaraq ələ ala bilmədi. 1603-cü ildə ardında vəliəhd buraxmadan vəfat edən İngiltərənin son Tüdor hökmdarı olan I Elizabet vəfat etdi və I Ceyms onun taxtını da ələ keçirdi. Beləliklə, tarixdə Yakobin dövrü adlanan və hər 3 ölkənin birləşdiyi 22 illik bir dövr başladı. Taxt-tacın birləşdirilməsindən sonra, İngiltərəyə köç etdi və özünü "İngiltərə və İrlandiya kralı" olaraq elan etdi. Bundan sonra, yalnız 1617-ci ildə Şotlandiyaya geri qayıtdı. O, İngiltərə və Şotlandiya üçün vahid bir parlament strukturunun yaradılması tərəfdarı idi. Onun hakimiyyəti illərində, Şimali İrlandiya və Amerika qitəsinin bir hissəsi Britaniyanın müstəmləkəsinə çevrildi.

I Ceyms Şotlandiyadakı 57 il 246 günlük səltənəti ilə sələfləri arasında ən uzun müddət taxtda qalan hökmdar kimi tarixdə anılır. Şotlandiyadakı arzularının çoxunu həyata keçirsə də, İngiltərədə bir çox çətinliklərlə qarşılaşdı. Məsələn, 1605-ci ildəki Barıt sui-qəsdi. I Ceymsin səltənət illərində Uilyam Şekspir, Ben ConsonFrensis Bekon kimi ədiblərlə I Elizabet dövrünün "Qızıl çağı" inkişaf etməyə davam etdi. I Ceymsin özü də "Daemonologiya" (1597), "Müstəqil monarxiyaların həqiqi qanunları" (1598) və "Basilikon Doron" (1599) adlı əsərlərin müəllifi kimi bacarıqlı bir elm insanı idi. Bundan başqa o, İncilin yeni bir tərcüməsini maliyyələşdirdi.

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]
Gənc kral I Ceyms (1574)

I Ceyms Şotlandiya kraliçası Mariya Stüartın və onun ikinci əri Darnley lordu Henri Stüartın yeganə övladı idi. Həm kraliça Mariya, həm də onun əri Henri İngiltərə kralı VII Henrinin nəticələri idi. Kraliça Mariyanın Şotlandiya üzərindəki hakimiyyəti etibarsız idi və bu katolik cütlük ölkədə protestant əsilzadələrin üsyanları ilə üz-üzə qalmışdı. Siyasi çətinliklərlə davam edən evliliklərinin son illərində Henri Stüart kraliçanın düşmənlərilə gizli bir ittifaq qurmuşdu və I Ceymsin doğumundan sadəcə 3 ay əvvəl kraliçanın şəxsi katibi David Rizzoya qarşı bir sui-qəsd təşkil etmişdi.

I Ceyms 19 iyun 1566-cı ildə Edinburq qalasında Şotlandiyanın yeganə vəliəhdi olaraq dünyaya gəldi. 17 dekabr 1566-cı ildə Stirlinq qalasında tərtib olunan katolik vəftiz mərasimi ilə vəftiz olundu.

Ceymsin atası Darnley lordu 10 fevral 1567-ci ildə Edinburqda öldürüldü. Bir çox tarixçilərə görə bu cinayət David Rizzonun intiqamı idi. Kraliça Mariya isə çoxdan gözdən düşmüş, ərinin qatili olaraq anılan Ceyms Hepbörnlə evlənmiş, bu səbəbdən Şotlandiyada "vətən xaini" elan edilmişdi. 1567-ci ilin iyun ayında protestant üsyançılar tərəfindən həbs olunan Mariya Stüart Lock Leven qalasına salındı. Həbs olunarkən hamilə olan kraliça 22 iyul tarixində övladını itirdi. 2 gün sonra isə yeganə övladı olan Ceymsin lehinə Şotlandiya taxtından zorla əl çəkdirildi. Taxt naibi olaraq isə kraliçanın ögey qardaşı Moray lordu Ceyms Stüart təyin olundu.

Hakimiyyəti ələ alması

[redaktə | mənbəni redaktə et]
20 yaşlı I Ceyms

Kral Ceyms 1583-cü ilin iyun ayında ölkəni öz hakimiyyəti altında birləşdirməyə başladı. Oktavianlar adlı 8 nəfərlik bir komissiya 1596-cı ildə ölkənin maliyyə vəziyyətini yaxşılaşdırdı. Kral Ceymsə qarşı son dövlət çevrilişi isə 1600-cü ilin avqust ayında Aleksandr Rutven tərəfindən həyata keçirildi.

1586-cı ildə İngiltərə ilə Bervik sülhü bağlandı. Ancaq bu müqaviləni və 1587-ci ildə İngiltərədə həbsdə olan anasının edam edilməsini həzm edə bilməyən I Ceyms Kraliça I Elizabeti taxtdan endirməyi hədəflədi. Kraliça I Elizabet evli deyildi və özündən sonra heç kimi vəliəhd olaraq elan etməmişdi. Kral Ceyms isə onun ən yaxın qohumu idi. 1588-ci ildə baş verən Məğlubedilməz armada müharibəsi ərzində özünü "İngiltərənin vətəndaşı və kraliçanın doğma oğlu" olaraq elan edərək Kraliça I Elizabetə öz ehtiramını göstərdi.

Kral Ceyms gənclik illərində qadınlara çox da düşkün olmamış, buna görə də öz ismətliliyi ilə öyünmüşdür. Ancaq sonrakı illərdə özündən sonra vəliəhd qoymaq məqsədilə evlənməyə qərar verdi. Evlənəcəyi şəxs isə protestant olan II Frederikin 14 yaşlı qızı Danimarkalı Anna oldu.

Kraliça Danimarkalı Anna (1605)

1589-cu ildə Kopenhagendə vəkalətən bağlanan nikahdan sonra Anna Şotlandiyaya yollandı, ancaq Norveç sahillərində fırtınaya düşdü. Kral Ceyms isə 300 nəfərlik şəxsi dəstəsilə yeni arvadını xilas etmək üçün Leith sahillərindən gəmiylə yola çıxdı.

Cütlüyün rəsmi toy mərasimi 23 noyabr tarixində Oslodakı Qədim Yepiskop Sarayında baş tutdu. Kral və kraliçanın həyatda qalan 3 övladı olmuşdur. Danimarkalı Anna ərindən öncə 1619-cu ilin mart ayında vəfat etdi.

Kral Ceyms cadugər ovu ilə çoxdan tanış olan Danimarkaya səyahəti əsnasında cadugərlik və cadugər ovu ilə yaxından tanış oldu. 1563-cü il tarixli Cadugərlik haqqında qanunnaməyə əsaslanaraq Şotlandiyada keçirilən ilk böyük miqyaslı cadugər ovunu dəstəklədi. Yüzlərlə insan kralın Norveç sahilində tutulduğu fırtınaya görə təqsirləndirildi və cadugər damğası vurularaq cəzalandırıldı.

1609-cu ilə aid Şotlandiya sikkəsi

Kral Ceyms isə illər keçdikcə cadugərlik siyasətini daha da sərtləşdirmiş, hətta cadugər olaraq elan edilən qadınların işgəncə proseslərinə şəxsən şahidlik etmişdir. 1599-cu ildən sonra isə onun bu məsələyə olan münasibəti daha skeptik olmağa başladı.

İngiltərədə taxta çıxışı

[redaktə | mənbəni redaktə et]
Birləşmiş Krallığın 1603-cü ildə istifadə edilən gerbi. Gerbdə Tüdor qızılgülü, Şotlandiya qanqalı və İngiltərə tacı təsvir olunmuşdur

İngiltərənin sonuncu Tüdor hökmdarı olan Kraliça I Elizabet VIII Henrinin həyatda qalan son nəvəsi idi və I Ceyms VIII Henrinin bacısı Marqarita Tüdorun nəvəsi olduğundan İngiltərə taxtına ən yaxın vəliəhd hesab olunurdu. 1601-ci ildən sonra, yəni Kraliça I Elizabetin son illərində bəzi ingilis siyasətçilər, xüsusilə də baş nazir Robert Cecil İngiltərədə çıxa biləcək taxt müharibəsini önləmək üçün I Ceymslə gizlicə razılığa gəlməyə başladı. Baş nazir Robert Cecil 1603-cü ilin fevral ayının sonlarında Kral Ceymsə İngiltərə taxtına oturması ilə bağlı bir dövlət sənədi göndərdi və bu alış-verişdən bir neçə həftə sonra — 23 mart tarixində səhərə yaxın Kraliça I Elizabet vəfat etdi. Kral Ceyms isə vaxt itirmədən, elə həmin gün Londonda kral elan olundu.

5 aprel tarixində I Ceyms hər 3 ildən bir geri qayıdacağına söz verərək (o, Şotlandiyaya 1617-ci ildə geri qayıtmışdı) Edinburqdan Londona yola düşdü. Yerli əsilzadələr və lordlar yol boyunca kralı öz iqamətgahlarında keçirdikləri möhtəşəm məclislərlə qarşıladılar. Bu məclislərin birində Kral Ceyms "daşdan taxtı quş tükündən yatağa dəyişdim" ifadəsini işlətmişdir. Yeni kralı görmək üçün ölkənin hər yerindən paytaxta doğru böyük bir axın başlamışdı. 7 may tarixində Londona daxil olan I Ceyms böyük bir izdihamla qarşılandı.

Tacqoyma mərasimi 25 iyul tarixində baş tutdu. Dövrün ziyalılarından olan Ben Jonson öz yazılarında qeyd edir ki, həmin günlərdə ölkədə vəba epidemiyası olsa da, küçələr insanlarla dolu idi. Buna baxmayaraq, I Ceymsin təhvil aldığı İngiltərə taxtı çətin bir vəziyyətdə idi. Ölkədəki monopoliya və vergi sistemində böyük narazılıqlar var idi və İrlandiyada davam edən müharibə dövlət xəzinəsi üzərində böyük yük idi. I Ceyms taxta keçmədən öncə, İngiltərə 400,000 pound xarici borc almışdı.

I Ceyms öz vətənində yaxşı qarşılansa da, səltənətinin ilk ilində iki sui-qəsdə məruz qaldı. Yeni kral baş nazir Robert Cecil ilə gəldiyi gizli razılığa əsasən sələfinin yaratdığı Məşvərət məclisinin fəaliyyətini sonlandırmadı. Bu isə hökumət dəyişikliyi istəyənləri yeni kraldan narazı saldı. Bir müddət sonra isə özünün ən yaxın 2 adamını həmin məclisə daxil etdi.

1604-cü ilin oktyabr ayında "Böyük Britaniya kralı" titulunu qəbul etdi. I Ceyms xarici siyasətdə daha böyük nailiyyət qazandı. Belə ki, illərdir davam edən İngiltərə-İspaniya müharibəsinə son qoydu. 1604-cü ilin avqust ayında bağlanan sülhə əsasən İngiltərədəki katoliklərə dini azadlıq hüququ verildi.

Barıt sui-qəsdi

[redaktə | mənbəni redaktə et]
I Ceyms (1606)

4 noyabr 1605-ci ildə müxalif bir katolik olan Qay Foks tərəfindən tərtib olunan bir sui-qəsd cəhdi önlənmişdir. Belə ki, parlament binasının zirzəmisində gizlətdiyi 36 çəllək barıtla binanı, kralı və kralın ailəsini məhv etmək istəyən sui-qəsdçi hadisə baş tutmadan ələ keçirildi və edam edildi.

Kral və parlament

[redaktə | mənbəni redaktə et]

Barıt sui-qəsdindən sonra parlament və kral arasındakı münasibətlər kəskinləşdi. 1604-cü ilin əvvəlində çağırılan növbədənkənar parlament məclisində hər iki tərəf bir-birinə dostluq münasibəti vəd etsə də, bu heç də belə olmadı. 7 iyul 1604-cü ildə I Ceyms dəstək ala bilməyəcəyini başa düşərək parlamenti buraxdı. Hətta kral yekun nitqində bunları vurğulamışdır: "Axmaqları tərifləyəcək qədər axmaq deyiləm… Ölkə idarəsinə nəinki dəstək vermək, hətta mane olursunuz… Ümid edirəm ki, gələcəkdə öz müstəqil iradənizdən daha alçaq könüllülüklə istifadə edərsiniz…."

I Ceymsin səltənəti davam etdikcə, hökumət artan iqtisadi böhran səbəbilə zəifləyirdi. Kral sarayının bədxərcliliyi və iqtisadi iradəsizliyi artmaqda olan inflyasiyanı daha dərinləşdirirdi. Nəhayət, 1610-cu ilin fevral ayında Salisbari əyalətində bu məsələnin həlli üçün bir plan hazırlandı. "Böyük sözləşmə" adlanan bu plana əsasən, parlament yenidən fəaliyyətə başlamalı və krala aid 10 rəsmi imtiyaz parlamentə verilməli idi. Bunun qarşılığında isə parlament 600.000 £ həcmindəki dövlət borcunu ödəməli və əlavə olaraq dövlət xəzinəsinə illik 200.000 £ həcmində yardım göstərməli idi. Davam edən gərgin vəziyyət o qədər qarışıqlığa səbəb oldu ki, sonda I Ceyms dövlətin süqutunu gözə alaraq bu razılığı pozdu və 31 dekabr 1610 tarixində parlamentin fəaliyyətini yenidən dayandırdı. Bu tipdə olan digər bir plan isə 1614-cü ildə "Qarışıq Parlament" adıyla irəli sürülsə də, 9 həftəlik danışıqdan sonra pul ödənişlərindəki gecikmə səbəbilə qəbul edilmədi. Bundan sonra I Ceyms 1621-ci ilədək dövləti parlament olmadan idarə etdi. Ticarətdə və maliyyə məsələlərində mahir olan tacir Lionel Qranfildin köməyilə ölkənin maliyyə vəziyyəti yaxşılaşdı. Bundan başqa bir çox yüksək vəzifələr pul qarşılığında satılmağa başlandı.

Təqribən 50 yaşlarından sonra Kral Ceyms tif və böyrək xəstəliyinə tutulmuşdu. Dişləri tökülmüş və spirtli içki aludəçisinə çevrilən kral ömrünün son illərində yeganə vəliəhdi olan Şahzadə Karlın nəzarəti altında yaşadı. 1625-ci ilin əvvəllərində Kral Ceyms malyariyaxəstəliyinə tutuldu və bu xəstəliklə mübarizə apararkən insult keçirdi. Bir müddət yatağa bağlı müalicə olunan kral 27 mart tarixində vəfat etdi. 7 may tarixində möhtəşəm bir dəfn mərasimi keçirildi. Kralın cənazəsi Vestminster abbatlığında dəfn edilsə də, məzarının dəqiq yeri əsrlər boyunca gizli tutuldu. Mərhum kralın məzarı XIX əsrdə VII Henrinin məzarı üzərində aparılan arxeoloji qazıntılar zamanı aşkar olundu.

I Ceyms və ailəsi

Kral Ceyms 1589-cu ildə Norveç və Danimarka kralı II Frederikin qızı Anna ilə evləndi. Bu evlilikdən kralın 7 övladı dünyaya gəldi:

  1. Henri Frederik (d. 19 fevral 1594 — ö. 6 noyabr 1612) — Uels şahzadəsi. 18 yaşında ikən tif xəstəliyinə tutuldu və vəfat etdi.
  2. Elizabet Stüart (d. 19 avqust 1596 — ö. 13 fevral 1662) — 1613-cü ildə Bohemiya kralı V Frederik ilə nikaha girmişdir.
  3. Marqarita Stüart (d. 24 dekabr 1598 — ö. mart 1600) — 2 yaşı tamam olmamış vəfat etmişdir.
  4. I Karl (d. 19 noyabr 1600 — ö. 30 yanvar 1649) — atasının ardından taxta çıxmışdır.
  5. Robert Stüart (d. 18 yanvar 1602 — ö. 27 may 1602) — 4 aylıq ikən vəfat etmişdir.
  6. Mariya Stüart (d. 8 aprel 1605 — ö. 16 dekabr 1607) — 2 yaşında vəfat etmişdir.
  7. Sofiya Stüart (iyun 1607) — doğulduğu gün vəfat etmişdir.
  1. RKDartists (nid.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]