Xanzadə Sultan (I Əhmədin qızı)
Xanzadə Sultan (1609, Konstantinopol – 23 sentyabr 1650, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı.
Xanzadə Sultan 1609-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Bəzi mənbələrdə anasının Mahfiruz Xədicə Sultan olduğu qeyd olunsa da, Sultan Osmanın taxta çıxması ilə Köhnə saraya sürgün olunan xanım sultanlar arasında olması bu iddianı təkzib edir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Atikə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər.
Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. Elə həmin tarixdə yeniçəri ağası Ladikli Bayram ağayla evləndirildi. Nigahın ardından vəzir rütbəsi alan Bayram Paşa üçün Üsküdarda bir saray təsis edildi. Həm Sultan Murad və taxt naibəsi olan anası Validə Mahpeykər Kösəm Sultana yaxınlığı, həm də Xanzadə Sultanın təsiriylə 2 fevral 1637-ci ildə Bayram Paşa sədarətə yüksəldi.