Xanzadə Sultan (1609, İstanbul – 23 sentyabr 1650, İstanbul) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı.
Xanzadə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1609 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1650 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | I Əhməd |
Anası | Kösəm sultan |
Həyat yoldaşları |
|
Ailəsi | Osmanlı xanədanı |
Xanzadə Sultan 1609-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Bəzi mənbələrdə anasının Mahfiruz Xədicə Sultan olduğu qeyd olunsa da, Sultan Osmanın taxta çıxması ilə Köhnə saraya sürgün olunan xanım sultanlar arasında olması bu iddianı təkzib edir[1]. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Atikə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər.
Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. Elə həmin tarixdə yeniçəri ağası Ladikli Bayram ağayla evləndirildi.[2] Nigahın ardından vəzir rütbəsi alan Bayram Paşa üçün Üsküdarda bir saray təsis edildi.[3] Həm Sultan Murad və taxt naibəsi olan anası Validə Mahpeykər Kösəm Sultana yaxınlığı, həm də Xanzadə Sultanın təsiriylə 2 fevral 1637-ci ildə Bayram Paşa sədarətə yüksəldi. Ancaq ertəsi il çıxdığı Bağdad səfəri əsnasında səhhəti pisləşdi və 26 avqust 1638-ci ildə vəfat etdi. Xanzadə Sultanın bu evlilikdən bir qızı dünyaya gəlsə də, körpə yaşlarında vəfat etmişdir.
Daha sonra digər qardaşı Sultan İbrahimin səltənətində 1643-cü ildə divan vəzirlərindən Nəqqaş Mustafa Paşa ilə evləndirildi. Onun bu nigahdan övladı olub-olmadığı bilinmir. Ancaq qardaşı Sultan İbrahimlə, xüsusilə də xanımlarından Hümaşah Sultanla münasibətləri yaxşı deyildi. Bu səbəblə bacıları Fatma, Gövhər və qardaşı qızı Qaya Sultanla birlikdə qardaşının nigahlandığı xanımlarından Hümaşah Sultanın təhriki nəticəsində saraydan sürgün olundu. Bütün gəlirləri və mülkləri əllərindən alınan sultanlar 1645-ci ildə Ədirnə sarayına göndərildilər. Həyat yoldaşı Mustafa Paşa isə Budin bəylərbəyi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı.
Sultan İbrahimin taxtdan endirildiyi 1648-ci ilədək davam edən bu sürgün dönəminin ardından anası Validə Mahpeykər Kösəm Sultan "Valide-yi kəbir" ünvanıyla yenidən taxt naibəsi təyin edildi. Həyat yoldaşı Mustafa Paşa isə vəzifəsindən azad edilərək paytaxta çağırıldı. 23 sentyabr 1650-ci ildə Xanzadə Sultan vəfat etdi və cənazəsi qardaşı Sultan İbrahimin türbəsinə dəfn olundu.