1. Basdıqda, toxunduqda müqavimət etməyən və batıb qalmayan; qatı, sərt olmayan. Yumşaq döşək. Yumşaq yastıq.
// Sümüksüz. Yumşaq ət.
□ Yumşaq vaqon – oturmaq və yatmaq üçün yumşaq yerləri olan sərnişin vaqonu.
// Zərif, sərt olmayan, toxunduqda xoş hiss oyadan. İpək kimi yumşaq. Yumşaq əl. Yumşaq parça. Yumşaq saç.
// Hələ quruyub sərtləşməmiş.
2. Bayat olmayan, təzə. Yumşaq çörək. Yumşaq qoğal.
3. Sıxanda asanlıqla yığıla bilən, basıla bilən, formasını dəyişə bilən, bərk olmayan. Yumşaq mum. Yumşaq palçıq. Yumşaq xəmir.
// Asanlıqla işlənilə bilən, istənilən şəklə salına bilən. Yumşaq materiallar. Yumşaq ağac. Bakı daşı çox yumşaq daşdır.
4. Gözü, qulağı oxşayan, ruhu oxşayan, xoşagələn; kəskin olmayan, məlahətli. Yumşaq səs. Musiqinin yumşaq ahəngi. Yumşaq tonlar.
// Mülayim, xoş; nə isti, nə soyuq. Yumşaq hava. Yumşaq iqlim. Yumşaq yel.
5. Xasiyyətcə həlim, mülayim. Yumşaq xasiyyət. Təbiətcə yumşaq adamdır.
□ Yumşaq danışmaq – mülayim danışmaq, mülayim rəftar etmək, sərtlik göstərməmək.
6. məc. Yüngül, zəif, sərt olmayan. Yumşaq hökm. Yumşaq rəftar. Yumşaq cəza.
// məc. Kəskin olmayan; nəzakətli, xoş. Yumşaq ifadə. Yumşaq ton. Yumşaq söz.
◊ Yumşaq su – tərkibində kirəc duzları az olan və sabunu asanlıqla əridən su.