Əjdər Tağıoğlu
Əjdər İsmayılov (tam adı:İsmayılov Əjdər Tağı oğlu; 23 aprel 1938, Çomaxtur, Noraşen rayonu – 13 mart 2022, Bakı) — Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor. 91-lərdən və YAP-ın ən fəal yaradıcılarından olan siyasətçi.
== Həyatı ==
Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur.
1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur.
Əjdər İsmayılov 13 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.
== Ailəsi ==
Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğludur.Pedaqoq, hidro meliorator Həsən İsmayılovun qardaşı, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı, hüquqşunas Cavid İsmayılovun atasıdır.
== Fəaliyyəti ==
=== Elmi fəaliyyəti ===
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam") mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə etmişdir.