Əsma Sultan (I Əbdülhəmidin qızı)
Əsma Sultan (17 iyul 1778, Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası – 5 iyun 1848, İstanbul, Osmanlı imperiyası) — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızlarındandır. Eyni illərdə yaşayan və III Əhmədin qızı olan bibisi Əsma Sultanla qarışdırılmaması üçün Kiçik Əsma Sultan olaraq anılır.
== Həyatı ==
17 iyul 1778-ci ildə cümə axşamı günü Topqapı sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Səniyəpərvər Sultandır. Adı atasının sevimli bacısı olan Böyük Əsma Sultanın şərəfinə qoyuldu. Saray ənənələrinə görə, padşahın doğulan hər bir övladı üçün günlərlə əyləncə mərasimləri keçirilirdi. Ancaq Sultan Əbdülhəmid viladət-i hümayun adlanan bu saray adətini sevmirdi və doğulan 24 övladından yalnız beşi üçün (Mehmed, Əhməd, Xədicə, Rabiyə, Əminə) bu mərasimin keçirilməsinə icazə vermişdir. Əsma Sultanın dünyaya gəlişi isə digər bacı-qardaşları kimi təntənəli şəkildə qeyd edilmədi. Sarayın dəniz cəbhəsindən gün boyunca top atəşi açıldı və ertəsi gün mühüm dövlət adamları saraya gələrək padşahı təbrik etdilər.