Arbitraj sövdələşməsi
Arbitraj müxtəlif bazarlarda qiymət fərqindən istifadə edilərək gəlirin əldə edilməsi prosesidir. Başqa sözlə, qiymət fərqindən yararlanmaq üçün valyutanın, əmtəənin, qiymətli kağızların və hissə sənədlərinin satılmasına arbitraj deyilir. Yəni, əgər hər hansı bir məhsulun qiyməti A bazarında B bazarı ilə nisbətdə aşağıdırsa, kimlərsə (əksər hallarda bunlar peşəkar treyderlər olurlar) qiymət fərqindən istifadə edərək həmin məhsulu A bazarından alaraq B bazarında satırlar və bununla da qiymət fərqinin böyüklüyündən asılı olaraq az və ya çox dərəcədə gəlir əldə edirlər.
Gəlin ilk öncə arbitrajın yaranmasının səbəbini öyrənək. Arbitraj ümumi bazarın effektiv işləməməsi, bir sözlə, bazarda baş verən səmərəsizlik nəticəsində ortaya çıxır. Belə ki, hər iki bazarın bir-birindən xəbərdar olmaması nəticəsində böyük qiymət fərqləri meydana gəlir. Arbitraj isə əslində bu fərqlərin aradan qaldırılmasında danılmaz rol oynayır. Bəs bu necə baş verir?
Sadəcə olaraq, tələb və təklif qanununu tətbiq etməklə cavabı tapmaq mümkündür. İlk öncə, alıcı qismində treyderlerin sayı A marketində artır, yəni ümumi tələb çoxalır, bu isə öz növbəsində həmin məhsulun qiymətinin artmasına səbəb olur.