Xəzər balladası (balet)
"Xəzər balladası" — Tofiq Bakıxanovun Xəzər neftçilərinin əməyinə həsr etdiyi bir pərdəli balet. Musiqi tarixində "Xəzər balladası" dəniz neftçilərinin çətin və rəşadətli əməyinə həsr olunmuş ilk baletdir. Qara Qarayev bu baleti "Xəzər neftçilərinin qəhrəman, romantik əməyini əks etdirən əzəmətli musiqi" adlandırmışdır. Musiqişünas E. Abbasova baletin janrını "balet-novella", "balet-poema" kimi müəyyən etmişdir.
== Tarixçə ==
Əsər müəllifinə Azərbaycanda də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Bu bir pərdəli balet 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulduqdan sonra (baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov) tezlikdə Moskva, Sankt-Peterburq, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərində, eləcə də Fransanın bir neçə şəhərlərində, Lüksemburqda və Monte-Karloda göstərilmişdir. Əlamətdardır ki, "Xəzər balladası" baleti Moskvanın Qurultaylar Sarayında oynanılmışdır, Xaricdə isə bu balet 30 dəfədən çox nümayiş etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi, Eks-Provans, Monpelye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalında "Şan Elize" teatrında oynanılaraq böyük uğur qazanmışdır.
Bu haqda Fransa mətbuatında da bir sıra müsbət rəylər çap olunmuşdur. Məsələn, "Parizyen libere" yazırdı ki, "Xəzər balladası" baleti koloritli və şəffaf tərzdə instrumentləşdirilmiş musiqidən ibarətdir".