Bayat nahiyəsi
Bayat nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri.
== Tarixi ==
Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".
Bayat nahiyəsi Bərdə qəzasına bağlı idi. Bu qəza Bərdə şəhəri, Bərdə, İncərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələrindən ibarət idi.
Bayat nahiyəsinin mərkəzi Bayat kəndi idi. Sərhədləri haqqında qaynaqlarda yazılır: "Kircəli tərəfdən, Kür çayının kənarından dönüb, Qarabağ adlanan Kəndəbil keçidinə və burdan Alaqarğı adlanan yerə qədər olan ərazi Bayat nahiyəsinin ərazisinin hüdudlarıdır. Cavanşir, Otuziki və Arasbarlıdan, Şirvana tabe olan Ağdaş, Ərəş və başqa yerlərdən olan əhali Kür çayını keçərək, buraya gəlib, tut bağlarında tut becərir, üşrlərini də torpaq sahibinə verir."
Səfəvilər dövlətinin son dönəmlərində nahiyənin hakimi Sədrəddin sultan idi.