1. anat. Mərkəzi sinir sisteminin ən mühüm üzvü, habelə bu üzvü təşkil edən və kəllə ilə bel sümüyü kanalını dolduran maddə. İnsan beyni. Qoyun beyni. Beyin xəstəliyi.
2. məc. dan. Ağıl, şüur, fəhm, zəka, baş mənasında. Onun beyni yoxdur, danışığını bilmir.
◊ Beyni yerindən oynamaq (laxlamaq) – dəli olmaq.
Beynə batmaq (girmək) – mümkün hesab etmək, inanmaq. Bu dediklərin, deyəsən, mənim də beynimə batdı.
Beyni dağılmaq – səs-küydən dəng olmaq, başı ağrımaq.
Beynindən çıxmamaq – daim fikrində olmaq, yadından çıxmamaq, daim düşündürmək.
Beyninə yeritmək (salmaq) – bir şeyi birinə tez-tez təkrar edərək inandırmaq, mənimsətmək, təlqin etmək.
Beynini aparmaq – çox danışmaqla, səs-küylə birini rahatsız etmək, yormaq, dəng etmək.
Beynini doldurmaq – birinə bir şey və ya şəxs haqqında çoxlu deyib inandırmaq (yalnız mənfi mənada).
Qan başına (beyninə) vurmaq, qan beyninə (sıçramaq) – bax qan.