Folk
Folk-musiqi - xalqın musiqi yaradıcılığı.
AZƏRBAYCAN FOLKLORUNDA “YALLI” RƏQSİNİN YARANMA VƏ İNKİŞAF TARİXİ
Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. Rəqs sənətinin çoxəsrlik tarixə malik olması faktı xalq rəqslərimizin əsas qollarından biri sayılan “Yallı”nın yaranması ilə bağlıdır. Azərbaycanda “Yallı”nın dərin kökləri haqqında bir çox mənbələr, arxeoloji qazıntılar, tarixi ərazilər bizə mühüm və maraqlı məlumatlar açıqlayır. Belə ki, Qobustan ərazisindəki qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağındakı əl-ələ verib dövrə ətrafında rəqs edən insan cizgiləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyaların üzərindəki “Yallı” oynayan insan rəsmləri, tarixçilərin, alimlərimizin illərlə apardıqları elmi araşdırmalar Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini e.ə. V minilliyə aid olduğunu sübuta yetirmişdir.
Heç bir biliyə malik olmayan, odun gücünə inanan ibtidai insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntılarını, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçərək bu günümüzədək gəlib çatmış və indi də “Yallı”larımızın ifası zamanı istifadə olunmaqdadır.
“Yallı”lar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və Qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində çox geniş yayılmışdır. Bu bölgələrdə əsasən, toylarda və el şənliklərində yaşlı insanlardan başlayaraq uşaqlara kimi hər kəs dəstə tutub “Yallı” gediblər.