is. 1. Gecə-gündüzün səhərdən axşama qədərki işıqlı müddəti, günçıxandan günbatana qədərki dövr. Gün doğuşundan bəllidir. (
Ata. sözü ).
Biz baxırıq özgə millətlərə, … deyirik ki, niyə onlar bazar günlərini tətil eləyirlər, niyə onlar eləsin, biz eləmiyək? C.Məmmədquluzadə.
2. Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddət; gecə-gündüz.
…İl var bir günə dəyməz; Gün var min aya dəyər. (Bayatı).
Bu minval ilə üç gün keçdi. “Koroğlu”.
□ Bir gün deyil, beş gün deyil – həmişə, daim.
Biri gün (o birisi gün) – sabahdan sonrakı gün; sabah yox, o biri gün.
Bu günlərdə – bu bir neçə gün ərzində, yaxın vaxtlarda.
İnciyib məndən, eşitdim o gözəllər gözəli; Aramız, bəlkə, bu günlərdə, güman var, düzələ. Ə.Vahid.
Bugünkü gündə – indi, hazırda.
[Qızıl Arslan] Biz bugünkü gündə islahat işlərinə başladığımız zaman hər addımda Quranla qarşı-qarşıya gəlirik. M.S.Ordubadi.
Ertəsi gün – bir gün sonra.
Gün uzunu – bütün günü, bir günün ərzində.
Gündə bir – hər gün, tez-tez.
[Bahar:] Özgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çırtma da vurmur. Ə.Haqverdiyev.
Günlərin bir günü – bax
günün birində.
[Əsgər:] Günlərin bir günü, axşam saat doqquzda bazardan gedirdim. Ü.Hacıbəyov.
Günü axşam etmək (eləmək) – bütün gününü boş keçirmək, işsiz oturmaq, əbəs yerə gözləyə-gözləyə durmaq. Qərib günü axşam etdi.
Şahsənəm çıxmadı. “Aşıq Qərib”.
Günü bu gün – elə bu gün, gecikdirmədən, bu gündən o yana qalmayaraq.
[Gülnaz:] Bax, mən daha səbir edə bilmirəm, günü bu gün atama deyəcəyəm. Ü.Hacıbəyov.
Günü günə satmaq – gecikdirmək, yubatmaq, yubandırmaq.
[Orxanın] Onsuz da kəndə getmək niyyəti vardı, ancaq günü günə sata-sata qalmışdı. İ.Məlikzadə.
Günü sabah – elə sabah, gecikdirmədən, sabahdan sonraya qoymayaraq.
Əgər siz mənə gəlsəniz, günü sabahdan onun talağını verib boşardım. E.Sultanov.
Günün birində – bir gün, bir dəfə.
İşçi dostlarına günün birində; Danışdı dərdini aşığım mənim… M.Müşfiq.
Günün günortaçağı – gündüz hava lap işıqkən.
[Ələmdar:] Yoxsa görün günün günortaçağında adam da … belə göz-görəsi özünü soydurarmı. S.Rəhimov.
İki gündə (gündən) bir – bax
günaşırı.
[Mirzə Həsən:] Öküzlə iki gündə bir hektar yer əkirsiniz. Ə.Haqverdiyev.
3. Müəyyən bir ictimai hadisəni qeyd etmək üçün təqvimdə təyin edilmiş gün. Qələbə günü. Qazmaçı günü. Müəllim günü.
4. Gündə şəklində
zərf – hər gün, mütəmadiyən.
Gündə bir kərpic düşür; Ömrümün sarayından. (Bayatı).
[Səkinə:] Mən gündə bir uşaq doğan arvadı bir də qulluğa götürmərəm. H.Nəzərli.
Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rəhimov.
5. Gündən-günə, günü-gündən şəklində
zərf – bir gündə deyil, günlər keçdikcə, tədricən.
Ah, mən gündən-günə bu gözəlləşən; İşıqlı dünyadan necə əl çəkim? M.Müşfiq.
[Yasəmən:] Gördüyüm odur ki, maşallah, günü-gündən çiçək kimi açılırsan. S.Rəhman.
6. Vaxt, vaxtilə. Bir gün bilinər.
– Gün oldu şairlər göyə çıxdılar. Ə.Cavad.
7. məc. Həyat, ömür, yaşayış, dolanacaq, güzəran.
Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. C.Məmmədquluzadə.
□ Gün keçirmək, gün sürmək – yaşamaq, dolanmaq.
Əmək çəkdim, gün keçirdim, gül əkdim. Ə.Cavad.
Burda gün keçirir bir böyük şair; Yazar yazdığını həyata dair. S.Vurğun.
Məhəbbətsiz, gözəlsiz gün keçirmək heç nədir, Vahid; Yenə sevmək, sevilmək yaxşıdır dünyaya baxdıqda. Ə.Vahid.
Gün görməmək – pis yaşamaq.
Yazıq ki dövranda bir gün görmədi; Bu aləm ruhuma dar, – dedi, getdi. M.Rahim.
8. Vəziyyət, hal mənasında. Yaxşı günün yoldaşı, yaman günüm düşdü gəl! (
Ata. sözü ).
[Əziz:] A balam Qaraş, sən bilirsənmi Həsən əmi özü nə gündə idi? C.Məmmədquluzadə.
□ Günə düşmək (qalmaq) –
…vəziyyətə düşmək (adətən pis vəziyyəti bildirir).
[Musa Fərhada:] Bu nə gündür düşübsən, ay binəva!… Ə.Haqverdiyev.
[Fatmaxanım:] Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu? N.Vəzirov.
9. dan. Əməkgün.
Hər yoldaş işləyib gün alan zaman; Sən durub boynunu burma, a tənbəl! Aşıq Əli.
Xırda xala qızışmışdı.
Bir gün zəhmət çəkib arıtdığı toxuma Mustafa gün yazmaq istəmirdi. Mir Cəlal.
10. Günüm şəklində – nəvaziş, mehribanlıq bildirmək üçün müraciət zamanı işlədilir; əzizim.
– Ay nənə, bir nağıl de! – Ömrüm, günüm, yat daha. Ə.Cəmil.
◊
…gün ağlamaq – dərdinə qalmaq, qayğısını çəkmək, gələcəyi haqqında düşünmək, fikirləşmək.
… Bu cürəti görən, duyan olmadı; Səndən mənə gün ağlayan olmadı. M.Araz.
Gün qayıtmaq –
1) zenit nöqtəsindən qüruba doğru enmək, Günəş (gün) batmağa başlamaq;
2) gündüz uzanmağa (və ya qısalmağa) başlamaq. Novruzdan sonra gün qayıdır.
Günü başa vurmaq – adətən əhəmiyyətsiz bir işlə məşğul olaraq günü tamamlamaq. Bu günümüzü də belə başa vurduq.
Günü qara gəlmək – yaşayışı pisləşmək, fənalaşmaq.
Gündən-günə günü qara gələn sadə insana zülm üstündən zülm edilmişdir. S.Rəhimov.
Günü qara olmaq – yaşayışı, dolanacağı, həyatı pis olmaq.
[Salatın:] Məndən sonra anamın günü qara olacaq, qardaşım bu dərdə dözə bilməyəcək. İ.Şıxlı.
Gününü göy əsgiyə düymək (bükmək) – bax
gününü qara eləmək.
Gününü qara eləmək (etmək) – həyatını zəhərləmək, iztirab və mənəvi işgəncə vermək.
Baxa-baxa xalü xəttə, üzarə; Zakirin gününü eylədin qarə. Q.Zakir.