is. 1. Toyu keçirilən, ərə gedən qız. Gəlini məclisə gətirmək.
– [Məşədi İbad:] Amma bu gəlin kişi çıxdı. Ü.Hacıbəyov.
Gəlin aparmağa gələn dəstələr qapıda yığışıb intizar çəkər. M.S.Ordubadi.
□ Gəlin köçmək – ərə getmək.
…Gülpəri atasından iznsiz kəbin kəsdirib Əmiraslana gəlin köçdü. S.S.Axundov.
Gəlin otağı etnoqr. –
1) Toy günü gəlinlə bəy üçün ayrılıb bəzədilmiş otaq.
Şahsənəm gəlin otağına keçdi. “Aşıq Qərib”.
Ananın bəzədiyi təzə gəlin otağı; Olar azğın düşmənin kef məclisi, yatağı. Ə.Cəmil;
2) məc. bəzəkli, qəşəng otaq mənasında. Bura lap gəlin otağıdır. Gəlin otağı kimi bəzənmiş.
– Xanım, Səriyyəgili yuxarı qaldırdı, … fərşlərlə bəzənmiş və gəlin otağını andıran isti bir otağa gətirdi… M.İbrahimov.
// Təzəcə toyu olmuş, təzəcə ərə getmiş cavan qadın.
Heydər bəy alaçığın içində oturubdur bir gün irəli toy edib gətirdiyi gəlini ilə. M.F.Axundzadə.
Səhərsəhər yaz çağı; Köçür oba yaylağa; Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət.
Kərbəlayı Dünyamalı səslədi, səsinə o biri damdan bir cavan gəlin çıxdı. E.Sultanov.
2. Qayınanaya, qayınataya görə oğlun arvadı.
[Nənəxanım:] Allaha heç rəva deyil ki, mənim taylarım hamama gedəndə boğçasını gəlini götürsün, … amma mənim gəlinim olmasın! Çəmənzəminli.
Sədəf öz gəlinini qucaqlayaraq məhzun baxışları ilə onu süzdü… S.Vəliyev.
3. məc. Çox bəzəkli, gözəl, qəşəng, xoşagələn şey haqqında.
Yenə gəlin camalını açacaqdır, bizim dağlar; Bu ellərin sinəsindən gedəcəkdir odlu dağlar. S.Vurğun.
Azərbaycanın Göygöl kimi gözəl və misilsiz bir gəlini var. M.İbrahimov.
4. bax
gəlincik 1 …Səntək qızlar hələ gəlin oynadar. C.Məmmədquluzadə.
[Qız] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov.
Balaca bir qız uşağı çıxdı.
Əlindəki kifir gəlinlə oynadığı bilinirdi. M.Hüseyn.