1. Günün günbatandan günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi. Gecə vaxtı. – Gecənin xeyrindən sabahın şəri yaxşıdır. ( Ata. sözü ).
□ Gecə boyu – bütün gecəni.
Gecə gözü – gecə vaxtı, gecənin qaranlığında, gecə.
Gecə keçmək – gecənin gec vaxtı olmaq, yatmaq vaxtından keçmək.
Gecə qaralmaq (düşmək) – gündüz qurtarıb gecə başlanmaq.
Gecədən keçmək – gecə düşəndən müəyyən müddət keçmək.
Gecəyə düşmək – gecə yol getməyə və ya çöldə qalmağa məcbur olmaq, gecələmək üçün yaşayış yerinə çata bilməmək.
2. Müəyyən ictimai, siyasi, ədəbi məsələlərə, görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş axşam yığıncağı. Füzuli gecəsi. Ədəbi gecə. Gənclər gecəsi.
// dan. Axşam keçirilən müsamirə, konsert.
3. Gecə evdə geyilən, gecələr istifadə edilən. Gecə papağı. Gecə köynəyi.
4. Gecə fəaliyyət göstərən, gecə işləyən, gecə olan. Gecə qatarı. Gecə sanatoriyası.
◊ Gecə kəsmək – adətən toy gecələrində səhərə qədər yatmayıb şənlik etmək. Gündüz niyə yatırsan, gecə kəsməmisən ki? Gecə qara, cücə qara – “xəlvətdir”, “gizlidir”, “kimsə görmür” mənasında.
Gecəni gündüzə qatmaq – çox işləmək, həddindən artıq çalışmaq, gecə də, gündüz də işləmək.
Gecənin bir aləmi (vaxtı) – gecədən xeyli keçəndən sonra, gecə yarısından sonra.