Hüseynqulu Sarabski
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həm də 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb.
== Həyatı ==
Hüseynqulu Məlik oğlu, əsil soyadı Rzayev, Bakıdakı İçərişəhərin Yeddilər məhəlləsində dünyaya gəlib. Onun atası Məlik gəmi kapitanı olub, babası Hacı Rza da eyni peşəni icra edirdi. Atasının İrana, Hacıtərxana və Xəzər sahilindəki müxtəlif şəhərlərə etdiyi səfərlər ailənin gündəlik yaşayışına çətinliklə yetirdi. 1881-ci ildə atası Türküstanda dəmir yol çəkilişi zamanı gəmisi bütün heyəti və yükü ilə birlikdə sulara qərq olub. Anasının ikinci dəfə ərə getməsindən sonra Hüseynqulunun çətin günləri başlayıb.
Hüseynqulu Sarabskinin tərbiyəsində əsas rol anası Cəvahir xanım oynayıb; o, oğluna ilk təhsili verməyə çalışmışdır. İlk olaraq İçərişəhərdəki Şah məscidinin yanında, 9 saylı evdə yaşayan Anaqızdan ibtidai dini təhsil alıb, sonrasında isə Məsməxanımın yanında bu işi davam etdirib.