Hüseynağa Hacıbababəyov
Hüseynağa Sultan oğlu Hacıbababəyov (7 (19) may 1898, Şamaxı – 10 noyabr 1972, Bakı) — opera müğənnisi (lirik tenor). Azərbaycanın xalq artisti (1938).
== Həyatı ==
Hüseynağa Hacıbababəyov 1898-ci il may ayının 19-da Şamaxıda anadan olmuşdur. Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya köçmüşdür.
Hüseynağa burada əvvəlcə "Alekseyski" məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır.
1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir.
Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Qəribin anasının ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Gülzarın ("Şah İsmayıl", Müslüm Maqomayev) partiyalarını ifa etmişdir.
1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərmişdir: Çar Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko", Nikolay Rimski-Korsakov), Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad", "Arşın mal alan", "Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli), Lenski ("Yevgeni Onegin", Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini).
Milli opera sənətinin nümayəndəsi, müğənni Hüseynağa Hacıbababəyov 1972-ci il noyabr ayının 10-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.