Hadı Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor.
== Həyatı ==
Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.