1. nida. Dad, aman, vay, dadfəryad, dad-fəğan.
Haray, kim nə dilim var, nə dil anlayanım. Qövsi.
Haray, ey şerimin tunc qanadları; Fikrimin, hissimin ceyran atları. M.Müşfiq.
2. is. Qışqırıq, hay-küy, cığır-bağır, bağırtı səsi; qışqırıq-bağırıq.
Məscidi doldurur haray, qışqırıq; Qarğış, hədələmə, söyüş, fışqırıq. S.Vurğun.
Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn.
□ Haray çəkmək (qoparmaq) – bax
haray salmaq 2-ci mənada.
Qatar yaxınlaşır haray çəkərək; Gözətçi özünü itirir bu an. B.Vahabzadə.
Balta durmadan yarır; Motor haray qoparır. İ.Səfərli.
Haray etmək – bax
haray salmaq 1-ci mənada.
Bir çoban bir gün etdi dağda haray; Canavar var, – dedi, – gəlin, ey vay. M.Ə.Sabir.
Haray salmaq –
1) qışqırmaq, bağırmaq, çığırmaq, haray etmək.
Kəndə bir az qalmış qoca qabağa gedib səsi dolusu haray saldı. S.Rəhimov;
2) səs-küy salmaq, gurultu qoparmaq, gurultu salmaq (qoparmaq).
Haray salıb dağa-daşa; Köpüklü çay daşa-daşa; Axar uca qayalardan. B.Vahabzadə.
3. is. Kömək, imdad.
[İskəndər xan:] …Atamdan mənə bir haray olmayacaq, qalmışam naçar. N.Vəzirov.
[Fazil:] Vallah, mən özüm də məəttəl qalmışam, çünki o dəli övrətdən də, deyəsən, bir haray yoxdur. C.Məmmədquluzadə.
□ Haraya gəlmək (yetmək, yetişmək, çatmaq) – köməyə gəlmək, imdada yetmək.
[Ağa:] Haraya gəlincə itlər məni bu gördüyünüz halətə saldılar. Ə.Haqverdiyev.
Qız müəllimin harayına çatmaq istədi. S.Rüstəm.
Ona yetmək üçün haraya dostlar; Aldı təyyarəni araya dostlar. M.Rahim.