Ənvər Məmmədxanlı
Ənvər Qafar oğlu Məmmədxanlı (15 (28) fevral 1913, Göyçay – 19 dekabr 1990, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinn üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987).
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926–1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931–1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934–1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936–1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941–1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943–1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir.