Mircəlal Kazımi
Mircəlal Mikazım oğlu Kazımi (7 aprel 1977, Bakı) — Azərbaycan alimi, ümumi-cərrah, cərrah-transplantoloq, tibb elmləri üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti.
Azərbaycanda milli transplantasiya komandasının formalaşdırılması üzrə tanınır. Azərbaycanda, Cənubi Qafqaz və Orta Asiyada ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını, Azərbaycanda ilk dəfə uşaqlarda qaraciyər transplantasiyası əməliyyatını və ilk dəfə pediatrik böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda ilk və dünya səhiyyəsində nadir hesab olunan 5 yaşlı uşaq üzərində eyni anda həm ürək, həm də qaraciyər köçürülməsini icra etmişdir.
Mircəlal Kazımi 1977-ci il aprelin 7-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olub, 2000-ci ildə buranı bitirmişdir. 2000–2001-ci ildə M. Nağıyev adına TTYX-da ümumi cərrahiyyə ixtisası üzrə internatura keçərək ümumi cərrah ixtisasını almışdır. 2004–2009-cu illərdə Türkiyənin Ege Universitetində tibb fakulətsinin ümumi cərrahiyyə və orqan transplantasiyası kafedrasında təhsil almışdır. 2009–2010-cu illərdə İzmir şəhəri, "Kent" xəstəxanasında qaraciyər transplantasiyası, 2012-ci ildə Cənubi Koreya, Seul şəhəri, "Asan Medical Center"-də , hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimlərdə iştirak etmişdir.
14.09.2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanı, 2016-cı ildə Səhiyyə Nazırliyi tərəfindən "Səhiyyə Əlaçısı" döş nişanı və "Fəxri Fərman", Azərbaycan Dövlət Gömrük Komitəsinin 30 illiyi yubiley medalı, Azərbaycan Dövlət Gömrük Komitəsinin "Fəxri Fərman"-ları ilə təltif edilmişdir.