MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet.
1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır.
Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu.
Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir.
Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür.
Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.