Razi Nurullayev
Razi Nurullayev (1 aprel 1971, Xəlfəli, İmişli rayonu) — azərbaycanlı siyasətçi, Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədri, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı.
2015–2020-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə iddiaçı olmuş Nurullayev, 2018-ci il və 2024-cü il Azərbaycan prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etmişdir.
== Həyatı ==
Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1978–1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb.[mənbə göstərin] 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2000–2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.[mənbə göstərin]
2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib.[mənbə göstərin]
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.[mənbə göstərin]
== Fəaliyyəti ==
=== Əmək fəaliyyəti ===
1994-cü ilin yanvar ayından 1995 noyabr ayına qədər "ÇAĞ" qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, "The Daily Mail", "The Times" və "The Guardian" kimi qəzetlərdən onlarla tərcümələr edib.[mənbə göstərin]
1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində VIP qonaqlarla iş üzrə çalışıb.[mənbə göstərin]
1995–1997-ci illərdə "McDermott Marine Construction"da tərcüməçi, anbar və alqı-satqıya nəzarətçi işləyib.[mənbə göstərin]
"Çıraq 1" neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub.[mənbə göstərin]
1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.[mənbə göstərin]
1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"də menecer köməkçisi və tərcüməçi olub.[mənbə göstərin]
2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan üzrə məsləhətçisi olub.[mənbə göstərin]
2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.[mənbə göstərin]
2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq" şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.[mənbə göstərin]
=== Siyasi fəaliyyəti ===
2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.[mənbə göstərin]
1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri olub.[mənbə göstərin]
2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.[mənbə göstərin]
2009-cu ilin sentyabr ayının 15-dən 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.
2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.[mənbə göstərin]
19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.
2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina etdi və yeni Milli Cəbhə Partiyasını təsis etdi.
2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən (SD) namizəd olub.