is. 1. Birinin rifahı üçün göstərilən diqqət, ya fəaliyyət; birinin fikrini çəkmə, dərdinə qalma, qeydinə qalma.
Bilmədim o günün ani nəşəsi; Mənə dərd olacaq ömrüm uzunu; Bəlkə ev qayğısı, övlad nəfəsi; Olmasa indi də duymazdım bunu. M.Araz.
// Fikir, əndişə, təlaş.
Hər gün onun [Firidunun] vaxtı min bir qayğı içərisində keçirdi. M.İbrahimov.
□ Qayğı göstərmək (çəkmək) –
1) birinin rifahı üçün çalışmaq, fikrini çəkmək, qeydinə qalmaq.
[Hacı Nəsir:] …Mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? S.S.Axundov;
2) dərd çəkmək, fikir çəkmək.
Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif.
Qayğısına qalmaq – bax
qayğı göstərmək 1-ci mənada.
Nəsib dayı onun [Zeynəbin] hər dərdini bilmək, qayğısına qalmaq istəyirdi. İ.Şıxlı.
// Baxma, qulluq etmə, xidmət etmə. Qayğı olsa bitkilər yaxşı bitər.
// məc. Şəfqət, nəvaziş.
Əminə bir bacı qayğısı ilə Əjdərin başındakı sarğıları düzəltdi. S.Rəhimov.
2. Dərd, möhnət, fikir, qəm. Onun heç bir qayğısı yoxdur.
– Hayıf, ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M.Müşfiq.