Hüseyn Razi
Rzayev Hüseyn Məmməd oğlu (Hüseyn Razi; 17 oktyabr 1924, Dəstə, Naxçıvan MSSR – 27 fevral 1998, Dəstə, Naxçıvan Muxtar Respublikası) – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
1924-cü il oktyabrın 17-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra Culfa rayonunun Ərəzin kəndində orta məktəbdə müəllim işləmişdir (1941-1943).
İkinci dünya müharibəsində Sovet ordusu sıralarında Oryol, Kursk, Bryansk istiqamətində gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirmiş, ikinci Pribaltika cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmət etmiş, ordudan tərxis olunmuşdur (1943-1945).
Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, "Şərq qapısı" qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. "Şərq qapısı" qəzetində Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri olmuş (1962-1989), sonra təqaüdə çıxmışdır (1989). S.M.Kirov adına ADU-nun filologiya fakültəsini bitirmişdir (1959). 1947-ci ildə ilk şeirləri "Şərq qapısı" qəzeti və "İnqilab və mədəniyyət" jurnalında çap olunmuş, bundan sonra dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdir. O, poetik yaradıcılıqla bərabər tərcümə ilə də məşğul olmuşdur. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzatov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir.