SƏKMƏK

f. Bir və ya hər iki ayaq üstündə sıçrayaraq yerimək, sıçramaq, hoppanmaq.
Kəhər at səkərək qonşu evin həyətində göründü və bir göz qırpımında … Cəmilin qarşısında dayandı. M.Hüseyn.
Çayın o tayındakı düzəngahda kəhər ürkə səkməyə başladı. Ə.Vəliyev.

// Bu qaydada uçmaq, yaxud yerimək.
Uçuşur durnalar, səkir teyhular; Namərd adam qalibliyin arzular. Qurbani.
Qayalarda kəklik səkir; Bulud qalxır, yağış tökür. Aşıq Şəmşir.

// Məc. mənada. [Püstəbanu bəyim:] Zalım oğlunun gərdəni bir qarışdır.
Yerişinə bax!… Səkir… N.Vəzirov.
Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı, gəlin hönkürürdü. Çəmənzəminli.

◊ Quş da səkə bilməz (səkməsin) – cürət edib yanından ötə bilməz.
– Bir quş da səkməsin onun yanından! – Baş üstə yatmaram gecəni bir an. S.Vurğun.
[Ataş Mirzə Cəmilə:] Nə qədər ki Ataş sağdır, Qönçənin həndəvərinə quş da səkə bilməz. Ə.Vəliyev.

Quş səkməz (səkməyən) yer – qorxulu, uçurum, insan ayağı dəyməyən yer haqqında.
[Sübhanverdizadənin] yolu dibsiz dərələrin yaxası ilə bitişən dağların sıldırım döşü, quş səkməyən yeri ilə gedir. S.Rəhimov.
[Qəhrəman:] On il bundan əvvəl quşlar belə qorxusundan səkə bilmədiyi meşələr indi necə azaddır. Ə.Vəliyev.

Etimologiya

  • SƏKMƏK Mənbələrdə sək (sekri) sözü var və “sıçramaq” mənasında açıqlanıb. Deməli, səkmək sözünün qədim mənası “sıçramaq” deməkdir
SƏKMƏ
SƏKSƏKƏ

Digər lüğətlərdə