İn vitro
In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir.
Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır.
== Üstünlükləri ==
Canlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər. Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır.
Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.