Təhsin Cəmil
Təhsin Cəmil — (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (d. 21 sentyabr 1943) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998-2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir.
Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır.
Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir.
O, Yassıdakı A.D.Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır.