Torlu Qaymaqçiçəyi
Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.