Narva Triumfal Arkası
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir.
Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir), P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir.
== Taxta darvaza ==
Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi.
Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu.