is. 1. Hündür yer, hündürlük; kiçicik dağ.
Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət.
Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. C.Məmmədquluzadə.
2. Bir şeyin ən yuxarı hissəsi, başı, zirvəsi. Dağın təpəsi. Yamacın təpəsi. Qüllənin təpəsinə çıxmaq.
– Qocaman bir dağın təpəsinə dırmaşdıq. A.Şaiq.
[Kamal] saatlarla gözünü qarlı dağların təpəsinə zilləyib onları seyr etməkdən doymazdı. M.Rzaquluzadə.
3. Qalaq, taya. Ot təpəsi. Saman təpəsi.
4. İnsan və heyvan başının ən üst hissəsi; kəllə, baş. Qoyunun təpəsinə damğa vurmaq.
– [Məmur:] Qılıncı xainin təpəsinə çal. M.Rahim.
// Papağın üst tərəfi, üstü. Papağın təpəsi məxmərdəndir.
– [Hüseynəli əmi] əlini aparıb börkünün təpəsindən bir parça qov çıxardı. M.S.Ordubadi.
◊ Təpədən-dırnağa qədər – başdan-ayağa (qədər).
[Sara xanım] hamamdan qayıdanda da təpədən-dırnağa qədər qara çarşaba bürünərdi. Qantəmir.
İyirmi beş yaşlı bu cavan oğlan; Təpədən-dırnağa nəğməydi ancaq. B.Vahabzadə.
Təpədən-dırnağa qədər süzmək – bax
başdan-ayağa süzmək (“başdan-ayağa”da).
İskəndər Quliyev döyüşçünü bir də təpədən-dırnağa qədər süzdü. Ə.Vəliyev.
Təpəsi üstə – başaşağı, kəlləmayallaq.
[Əhməd:] Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə, beyni burnundan gəlsin… N.Vəzirov.
Təpəsi üstə gəlmək –
1) başaşağı gəlmək, kəlləmayallaq yıxılmaq. Uşaq məhəccərə dırmaşanda təpəsi üstə yerə gəlib. Mir Cəlal;
2) məc. tez və həvəslə gəlmək, o saat gəlmək.
[Yədulla xan:] Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr. S.Rəhimov.
Telli xalaya xəbər gedən kimi təpəsi üstə gəldi. Mir Cəlal.