VI Mehmed Vahidəddin
VI Mehmed Vəhidəddin (osman. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], İstanbul – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi.
== Həyatı ==
=== İlk illəri ===
14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.