Validə Sultan
Validə sultan vəya Sədəf-i Dürr-i Xilafət (Osmanlıca: والده سلطان) — taxta çıxan Osmanlı padşahlarının həyatda olan analarına verilən bu ünvan bəzi mənbələrdə "validə-i padşah", "validə-i səadətpənah", "məhdi-ülya-i səltənət" olaraq da qeyd olunur. Kösəm Sultan üçün "ümmül-möminin", Pərtəvniyal Sultan üçün "ümmül-cahan" ünvanları istifadə edilmiş, Dəftərdar Sarı Mehmed Paşa, ölümünün ardından Turhan Xədicə Sultanı "dövlətin bir rükn-ü rəkini" olaraq adlandırmışdır. Osmanlı sülaləsinin hərəmdəki ən yüksək təmsilçisi və hərəmxana sistemində ən yüksək rütbəli şəxs olan validə sultan icazə vermədən ona yaxınlaşmaq, yanında danışmaq vəya oturmaq olmazdı.
Osmanlı tarixində oğlunun səltənətini görə bilən validə sultan sayı 23-dür. Bunlar Orxan Qazini anası Malhun Xatun, I Muradın anası Nilüfər Xatun, I Mehmedin anası Dövlət Xatun, II Mehmedin anası Hüma Xatun, II Bəyazidin anası Gülbahar Xatun, I Süleymanın anası Hafsa Sultan, III Muradın anası Nurbanu Sultan, III Mehmedin anası Safiyə Sultan, I Əhmədin anası Handan Sultan, I Mustafanın anası Həlimə Sultan, II Osmanın anası Mahfiruz Sultan, IV Murad və Sultan İbrahimin anası Kösəm Sultan, IV Mehmedin anası Turhan Xədicə Sultan, II Süleymanın anası Saliha Dilaşub Sultan, II Mustafa və III Əhmədin anası Rabiyə Gülnuş Əmətullah Sultan, I Mahmudun anası Saliha Sultan, III Osmanın anası Şahsüvar Sultan, III Səlimin anası Mihrişah Sultan, IV Mustafanın anası Aişə Səniyəpərvər Sultan, II Mahmudun anası Nəqşidil Sultan, I Əbdülməcidin anası Bəzmialəm Sultan, I Əbdüləzizin anası Pərtəvniyal Sultan və V Muradın anası Şevkəfza Sultandır. II Əbdülhəmid isə kiçik yaşlarında anasını itirdiyi üçün onu böyüdən mənəvi anası Piristü Sultanı validə sultan elan etmişdir.
Padşahın anası, xanımları, qızları, şahzadələri, qısaca padşahın ailəsi XVI əsrin ortalarına qədər bu gün İstanbul Universitetinin olduğu yerdə Köhnə Sarayda yaşayırdılar. Qanuni Sultan Süleymanın xanımı Xürrəm Sultan qaynanası Hafsa Sultanın vəfatının ardından hərəmin bir hissəsi ilə 1534-cü ildə Topqapı sarayına köçdü. Xələfi Nurbanu Sultan da iqamət olaraq bu sarayı seçmişdi. Beləliklə, yeni sarayın hərəmxana hissəsi getdikcə böyüdü.