Varid Fərzəlibəyov
Varid Fərzəlibəyov (2 iyul, 1933 - 23 mart, 1999) — Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı.
1933-cü ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmişdir. Uzun illər "Azərelektroişıq" istehsalat birliyinin laboratoriya müdiri kimi çalışmışdır.
Azərbaycanın musiqi mədəniyyətinə yeni bir musiqi aləti - bas (bəm) tarı bəxş etmişdir. XX əsrin 60-cı illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün bəm tarı yaratmışdır.
Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.