Nailə Vəlixanlı
Nailə Məmmədəli qızı Vəlixanlı (25 dekabr 1940, Bakı) — tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2001); AMEA-nın həqiqi üzvü (2007); Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), akademik.
1940-cı il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur.
1948–1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxumuşdur.
1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuşdur.
1963-cü ildə Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1964–1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir.
1970–2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda , Xəzər, Ziya, Azərbaycan Universitetlərində "Ərəb ölkələri tarixi", "İslam tarixi", "Ümumi tarix", "Azərbaycan tarixi", "Asiya və Afrika ölkələri tarixi", "Dünya dinləri", "Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı" və digər fənləri, eləcə də ixtisas üzrə kurs və seminarı tədris etmişdir.
1998-ci ilin iyul ayından AMEA Azərbaycan Tarixi Muzeyinin direktoru təyin olub.
2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Heraldika şurasının üzvü seçilmişdir.
2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti seçilmişdir.