Azərbaycan mifologiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qulyabanı

Azərbaycan mifologiyası (az-əbcəd. آذربایجان اساطیری‎) — azərbaycanlıların mifoloji düşüncələr sistemi, türk xalqlarının mifologiyasının tərkib hissəsi. Şamanizm (məsələn, ölülərin ruhuna hörmətən yeyilən aş[1]) və İslam dininin təsiri (məsələn, Umay Ana obrazının Fatimə ilə birləşməsi,[2] cinlər[3]) Azərbaycan miflərində və inanclarında mövcuddur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Formalaşması və xarakteristikası[redaktə | mənbəni redaktə et]

XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı (Adına günü) ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.[1]

Azərbaycanlıların mif və əfsanələri xeyir və şərin daşıyıcı olan müxtəlif mifik və semi-mifik varlıqlara inancın əsasında qurulub.[4] Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Oğuznamə"dən, özündə həm erkən türk, həm də Qafqazın arxaik görüşlərini birləşdirən "Kitabi-Dədə Qorqud" dastanından götürür.[5] Azərbaycan mifoloji görüşləri fars folklorunun təsirinə məruz qalmasına baxmayaraq öz orijinallığı ilə seçilir. Fars mifologiya da Azərbaycan mifologiyasından bir sıra mifoloji süjetləri götürmüşdür.[6] Qumuq mifologiyası həm tipoloji, həm də genetik əlaqə inkişafında Azərbaycan mifologiyası ilə daxili əlaqəli olmuşdur.[7]

Mifoloji dünya təsəvvürü[redaktə | mənbəni redaktə et]

Aləmin yaranması və sonu[redaktə | mənbəni redaktə et]

Qədim bir Azərbaycan əfsanəsinə görə, əvvəlcə göy və yer, daha sonra heyvanlar, bitkilər və insanlar yaradılmışdır. İnsanların sayı artdığı və yerə sığmadıqları üçün bir-birləri ilə mübarizə etməyə başlamışdılar. Bundan sonra əvvəl bitişik olan göy və yer bir-birindən ayrılmışdır.[8] Əvvəlcə göyün, sonra isə yerin yaradılması, göyün yeddi qat olması inancı mövcuddur. İlk qat torpaqdır, digərlərində isə mələklər vəzifələrinə uyğun olaraq yaşayırlar. Yeddinci qatda Tanrı taxtında oturub dünyanı idarə edir.[9]

Azərbaycan mifoloji mətnlərində suyun yaradılışda oynadığı rol xüsusilə qiymətləndirilir. İnanca görə, ilk əvvəl bütün yer su ilə örtülmüşdü. Allah suyu lil edir, sonra onu qurudub torpaq edir. Torpaqdan bitkilər cücərir, insanlar yaranır.[10] Şah İsmayıl Xətainin "Gövhəri ab eylədim, tutdu cahanı sərbəsərp" sözləri də yaradılış dövrünə, yerin su ilə əhatə olunan ilk dövrünə işarədir.[11]

Xalq arasındakı bir rəvayətə görə, Fatma qadın yeddi rəngdə yumaq dolayıb altına qoyduqdan sonra, əsən külək səbəbiylə yumaq diyirlənib getdiyi üçün Yel iyəsi Heydərə əsəbiləşir, belindəki ox və yayı çıxarıb onu vurmaq istəyir. Ancaq Heydər qaçmağı bacarır, yunları göyün yeddinci qatında gizlədir. Beləliklə, göy qurşağı yaranır.[12]

Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Ancaq Boz ay başqa aylardan gün aldığı üçün günləri hava şəraiti baxımından bir-birinə oxşamır.[13]

Əcdadlar[redaktə | mənbəni redaktə et]

Məhəmməd Siyah Qələm albomundan rəsm

Günəşin övladları ilə bağlı mifə görə, kainatın yaradıcısı və idarəçisi olan Günəşin naxələf övladları Qış, Duman və Bulud onun istəkli övladı Şüanı əsir edib, təndirə salırlar. Günəş geri qayıtdıqdan sonra Qış yer üzündən qovulur, Duman qayalara, Bulud isə dağlara göndərilir.[14] Bu mifə görə insanlar Saçlı qızın törəmələri və Günəşin istəkli nəvələridir. Dağ, Qaya, Təpə, Düzən, Çay, Dəniz isə Günəşin oğlan övladlarıdır.[14][15]

“İnsan nəsli” adlanan əfsanəyə görə insan nəslinin yaranması 3 mərhələdən ibarətdir. Birinci nəsilin ömrü 500-600 ildir, uca və enlikürək olurlar, qazmada yaşayırlar. Birinci nəsilin sayı artanda yerdə yaşamaq üçün imkan olmayacağını görən Allah ömrü azaldaraq 300 il edib. İkinci nəsil artandan sonra Allah ömrü azaldıb 70-100 il edir (üçüncü insan nəsli).[16]

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Türk adlı padşahın Nuhun oğlu Yafətin böyük oğlu və vəliəhdi olmasını qeyd edir.[17] Azərbaycan mifik mətninə görə, Türkə qurtuluş yolunu bozqurd göstərmişdir. Türk nəsli artarkən qeyd edirdi: "Bozqurd bizim xilaskarımızdır. Əgər, o, yol göstəməsə idi, nə mən olardım, nə də siz... ona görə də, Bozqurda həmişə inanmalısınız."[18] Qurdun təhqir edilməməsi, qurd görəndə salavat çəkilməsi haqqında deyimlərin olması onun əcdad funksiyasını göstərir. "Kitabi-Dədə Qorqud" dastanında Qazan xan öz soyunu erkək qurdla əlaqələndirir.[19]

İnsanların əvvəlcə nəhəng olduğu, daha sonra balacalaşdığı ilə bağlı mif mövcuddur. Buna görə də köhnə məzarların içində tapılan böyük sümüklərin azmanlara aid olduğu iddia edilir ("Uğuz ölçüsü"). Bədəni böyük olan insanlara da "Uğuzdan qalma" deyilər.[20] Azərbaycanın bəzi bölgələrində yazıya alınmış rəvayətlərə görə, uğuzlar (1000 il ömür) və ya uzunlar (300 il ömür) əvvəllər yaşamış, iri cüssəli, azman varlıqlardır. Onlardan danışılanda "bizim əcdadımız olub" deyilər.[20] Uzunlar insan irqini meşədə tapmış, uzunların qocası gələcəyi görərək insanların uzunları əvəz edəcəyini bildirmişdir.[21]

Azərbaycan mifik inanclarına görə, kainatdakı hər şeyin adını Dədə Qorqud vermişdir.[22] Dədə Qorqun igidlərə “ər” adı verməsi onu demiurq (yaradıcı) və mədəni qəhrəman statusuna yüksəldir.[23] Azərbaycanda qadınların dağa baxarkən yaşmaq vurub, "qaynatam baxır, ayıbdır" deməsi, həmçinin dağlara baba deyilməsi dağın qadının ərinin və qaynatasının soy dağı olaraq təsəvvür edilməsi ilə əlaqədar ola bilər.[24] Azərbaycan türklərinin inanclarında suyun kultlaşması suyun baba, əcdad olması, övlad bəxş etməsi, suya and içilməsi şəklində üzə çıxır.[19]

İnanclarda, Hal (Hal anası) "nəsli tükənmiş qohum" olaraq qeyd edilərdi. Onların dövründən qalmış yerlər olaraq xarabalara yaxın ocaq yerləri və qəbirlər göstərilərdi. Ancaq bəzi hekayələrdə Hal anasını ələ keçirdikdən sonra onu evə gətirib özünü arvad edən adamlardan bəhs edilir. Hətta bu adamlar Hal anasından əjdaha boyda uşaqlara sahib olardılar.[25]

Azərbaycanlıların inanc sistemində vacib yer tutan pir və ocaqların adlarında "baba" və ya "dədə"[26] sözünə tez-tez rast gəlinir. Burada qədim türbə və ziyarətgahların daşıdığı Diri Baba, Qırxlar Baba, Yel Baba, Ağ Baba və Atlı Baba kimi adlar tarixi müqəddəs mərasimlərlə bağlıdır.[27] Azərbaycan mədəniyyətində babalıq adı daşıyan əsatiri obrazlar çoxdur. Alqış və qarğışların deyilməsində onlara müraciət edilir. Bunlara misal olaraq Aran Baba, Piri Baba, Şah Baba, Baba Dərviş misal göstərilə bilər:[28][29]

Ölüm və Əbədi Həyat[redaktə | mənbəni redaktə et]

Mikayıl Abdullayevin "Dədə Qorqud" dastanına çəkdiyi illüstrasiya

Azərbaycanlılarda məhsul mövsümü başlanarkən dan yeri ağarmadan və günəş çıxmadan yığılan ilk almanın "Əbədi həyat" verdiyinə inanılır.[30] Xalq arasında yayılan bir əfsanəyə görə, İsgəndər Zülqərneyn dirilik suyunun Şirvanda, Cənnətə bənzəyən Gülüstan-i İrəmdə olduğunu öyrənmiş və ora getmişdir.[31] Suyun xəstələri müalicə etməsi Azərbaycan nağılında özünü göstərir. Assimmetrik, tüksüz və at kimi doğulan uşaq su vasitəsilə dirildilir.[32]

Ölümü çatanın isə ulduzu düşər. Həmin şəxs ulduz düşməsinin ona yox, başqasına aid olduğunu fikirləşib, "Ulduzum yerində" və ya "tu-tu-tu" deyə bilər.[33] Digər bir inanca görə isə, hər insanın göydə bir uğur ulduzu vardır. Ona baxarsa, ölər. Bundan başqa, inanılır ki, hər insanın həyatı bir iplə göyə bağlıdır. Əgər o ip qırılarsa, insan ölər. Buna görə də "İpin qırılsın" ifadəsi bəddua olaraq istifadə edilir.[34] Azərbaycan nağılında isə şər ruhlu qızın barmağı kəsiləndə o, ölür. Bu, ruhun barmaqda olması inancı ilə bağlıdır.[35] Azərbaycan hekayələrində məğlubedilməz qəhrəmanların sinəsində başlayıb, dizinə qədər gələn tükü onun həyat gücünü təmsil edir.[36]

Qədim mifoloji inanclara görə, ölüm yeniliyin və gücün mənbəyi olaraq görülür. Ölünün yuyulduğu taxtanın üstündən keçirilən qadının uşağı olacağına inanılır. Bu mifoloji inancla bağlıdır.[37] "Qul Mahmud" adlı Azərbaycan dastanında ölülərin başında şeir oxumaqla onlar dirildir. Bu, "Manas" dastanında dua ilə dirildilən igidlər motivi ilə oxşarlıq təşkil edir.[38]

İnanclarda çox ağlayan və uğursuz adamlarla qarşılaşmaq ölümə işarə olaraq qəbul edilir.[39] Bundan başqa, Qəbiristanlığın yanından keçənləri Qaranın basacağına inanılır.[40]

Döyüşdə övladlarını itirən ailələr evlərindən qara yas bayrağı asarlar.[40] Azərbaycanda ölən bir şəxs üçün onu "torpağa əmanət etdik" deyilər. Beləliklə, torpaq dəyərli hesab edilən ölülərin əmanət ediləcəyi dəyərli bir yer sayılır. Ölümün ən günahkar insanı belə "təmizlədiyi"nə inanıldığı halda bəzi insanlar üçün "onu yer də qəbul etməz" deyilər.[40] Ölümü çatan insanın canının gec çıxması isə onun sevdiyi bir adamı görmədən ölmək istəməməsi kimi başa düşülər.[39]

O biri dünyalar[redaktə | mənbəni redaktə et]

Kos-kosa oyunu

Şər dünya ilə bağlı mifik atlar assimetrik olur. Azərbaycan hekayələrində bu faktı altı ayaqlı, iki buynuzlu və tək gözlü atlar şəklində görmək mümkündür. Koroğlunun Qıratı da assimetrik və çəlimsizdir.[41] Uşaqlara ziyan verən Şeşə quşu Azərbaycan türklərinin inanclarına görə bilinməzlər aləmindən gəlmişdir.[42] Azərbaycan, Balkan və Anadolu bölgəsində istifadə edilən "Kor şeytan" ifadəsi isə şeytan anlayışının Altay-Sayan mifologiyasındakı yeraltı varlıqlar olan körmözlər şəklində inkişaf etdiyini göstərir.[43]

Azərbaycanlıların inanclarında mövcud olan "Ağac kişi" obrazı pis qoxulu, şər mənşəli olduğu üçün o biri dünya ilə əlaqəli ola bilər.[44] "Kos-kosa" oyunundakı "Kosa" obrazının çirkin və çəlimsiz olması onu gizli dünya və şər məkanı ilə əlaqələndirə bilər.[45]

Nağıl qəhrəmanı Oxayy isə su altında yaşayır və o biri dünyanın təmsilçisidir. Yaşadığı qəsrin dörd bir tərəfi insan qanından dənizlərlə əhatə edilmişdir. Qəsrinin həyəti heyvan cildində insanlarla doludur. Qəsr əslində dibi dənizdə, başı göyün yeddinci qatında olan, insan kəlləsindən hörülmüş divarlarla əhatəli ölülər səltənətidir.[46] Azərbaycan inanclarında Hal anası və Cinlər anası arasında fərq yoxdur, hər ikisi yeraltı dünya və sular aləmi ilə əlaqəlidir.[47]

Azərbaycan hekayələrində div motivi buynuzlu təsvir edilir. Ulu Ana ilə əlaqəni göstərən buynuzlar, böyük və sallanan döşlər, tək gözlülük, divin daşıdığı izlər onun yeraltı dünya və məhsuldarlıq qoruyuculuğu ilə əlaqəsini göstərir.[48] Azərbaycan dastanı "Çaça" o biri dünya haqqında düşüncələrin daşıyıcı olan qan motivi ilə bağlı yazılmışdır. Burada qanın diriltmə rolu vurğulanır.[41] Azərbaycan mifologiyasında bəzi varlıqlar iki dünya arasında vasitəçi rolunu oynayır və hər ikisinə səyahət edə bilir. Atlar, ilanlar və bəzi quşlar bunun nümunəsidir ("Tapdıq", "Məlikməmməd").[49] Müqəddəs qəbul edilən dağların isə yer ilə göy arasında bağlantı qurduğuna inanılardı. Bu məntiqlə Dağ iyəsinin Göy Tanrı ilə əlaqə qurduğu qəbul edilmiş, hətta dağlar göyün qapısı sayılmışdır.[9]

İnanca görə, o biri dünyanın ağacının hər yarpağı bu dünyada bir insana məxsusdur. Yarpaq yerə düşəndə o yarpağın adamı ölür. Yarpağı yerə düşəndə dəydiyi yarpaqların məxsus olduğu insanların qulaqları cingildəyir.[50]

Mifoloji varlıqlar[redaktə | mənbəni redaktə et]

Pəri surətinə çəkilmiş eskiz. Əzim Əzimzadə

Azərbaycan mifologiyasında ən aparıcı obrazlar div, əjdahapəridir. Nəhəng, qüvvətli, eybəcər və insanabənzər divlər quyuların dibindəki üç otaqlı mağaralarda yaşayırlar və şər qüvvələri təmsil edirlər. "İbrahimin nağılı"nda isə div xeyirxahlığı, insanlarla qan qohumluğu ilə təsvir edilir. Əjdahalar isə quraqlıq və xəstəliyin səbəbkarı kimi təsvir edilir, su mənbələrinin qabağını tutur.[5] Bəzi süjetlərdə əjdaha üç, yeddi və qırx başlı olur, öldürülməsi üçün bütün başları kəsilməlidir. Kəsilmiş başın dirilərək qəhrəmana hücum etməsi də mümkündür.[51] Pərilər div və əjdahalarla müqayisədə daha müsbət rol oynayır, ağ dəriləri və uzun saçları ilə gözəl bakirələr olaraq təsvir olunur. Pərilər gözəl bağlarda və saraylarda yaşayır, hovuzlarda üzürlər. Onlar göyərçinə çevrilib, başqa yerlərə uça bilirlər.[51] Azərbaycan mifologiyasına suların sahibi olan su pəriləri də mövcuddur.[52]

Damdabacalar köhnə evlərin, məscidlərin dəyirmanların xarabalıqlarında yaşayırlar. Axşamdan keçmiş həyətə isti su tökmək olmaz, çünki təsadüfən, damdabacaların uşaqlarını yandırmaq olar, belə olarsa, onlar bunun qarşılığında intiqam almağa başlarlar.[53] Bundan başqa Azərbaycan mifologiyasına balaca adamlar (əcinnə, cırtdan), sikloplar (Təpəgöz, kəlləgöz), dağ meşələrində yaşayan, tüklü varlıqlar formasındakı ruhlar ("Ağac kişi" və ya "Meşə adamı"), çöldə və ya qəbiristanlıqda yaşayıb, gecə yolçularını qorxudan qulyabanılar daxildir. Qulyabanılar tutulduqdan sonra paltarına iynə sancılaraq sahiblənilə bilər, ancaq insanın hər dediyinin əksini edəcək.[54][55][56]

Azərbaycan rituallarında əsas obrazlardan biri olan Xızır üçün "…unu teştə yığıb yükün altına qoyarlar. Guya gecə Xızır Nəbi gəlib əlini bu una çəkər, onu əfsunlar. Bu un müqəddəs və əfsunlanmış hesab edilər." Xızır bəzən möcüzəli doğuşa səbəb olan dərviş, bəzən də bir illik yolu bir göz qırpımında qət edən, korların gözünü açan peyğəmbər olur. Rituallarda istifadə edilən digər bir obraz isə keçmişdə taxıl sünbüldən çıxandan sonra buğdanı samandan çıxartmaq üçün çağrılan Yel Baba idi: "Taxılımız yerdə qaldı, yaxamız əldə qaldı. A Yel baba, Yel baba, Qurban sənə, gəl, baba!"[5] Qırmızı paltar geyən Hal anası isə doğuş zamanı zahının başının üstündə dayanır. Gözəgörünməz olan Hal anası anaya və ya uşağa xətər yetirmək məqsədini güdür. Ondan qorunmanın müxtəlif üsulları vardır: tüfəngdən güllə atmaq, zahıya kişi paltarı geydirmək və ya adını Məryəm çağırmaq.[57]

Azərbaycan mifologiyasında insanın bedheybətə və ya əksinə çevrilmə ilə bağlı, nadir hallarda ikiləşmə (qohumlara, hətta əkizlərə) ilə bağlı süjetlərə rast gəlinir. Buna misal olaraq İsaq-Musaq quşunu, insan-qurd çevrilmələrini, Əkil və Bəkil əkiz qardaşlarının mifik bir şəkildə birləşib, daha sonra bir sayılmaqlarını göstərmək olar. İnsan-qurd çevrilmələri insanları vəhşiliyə sövq edir. Qurd dərisinə girən qadınlar hətta öz körpələrini yeyir, nəslin kökünü kəsirlər.[5][6]

Tanrılar[redaktə | mənbəni redaktə et]

Al anası. Əzim Əzimzadə, 1939

Azərbaycanlılarda tanrını göylə düşünmə təmayülü var. Tanrıya şükür edilərkən Günəşə dönər və ya şükür edilən nemət Günəşə çevrilərdi. Günəşdə ilahi bir hikmət olduğu qəbul edilərdi.[58] Ənənəvi türk xalq inanclarında Tanrının göylə əlaqələndirilməsi İran Azərbaycan türkləri arasında "göydəki Tanrıya and olsun", "göy haqqı", "ay haqqı" kimi deyimlərdə yaşadılır. "Göy haqqı" xüsusilə göyün müqəddəsliyinə işarə edir.[9] Azərbaycanlılarda Ulu Tanrıdan bəhs edilərkən "varlı və neməti bol olan" mənasında "bayat" adı istifadə edilir.[59]

Sayanın bir şaman tanrısı olduğu və sayaçılığın kökünün Azərbaycandan çıxdığı düşünülür. Monqol dilində tanrı mənasında istifadə edilən "Yaya", "Dz'aya" ve "Dzayagg" sözləri ilə saya arasında əlaqə sayaçılığın şamanizmdən gəldiyini göstərir. Saya ilə bağlı inanc Altaylara, ordan da Anadolu və Azərbaycana köhnə şaman türk-monqol mədəni mühitinin təsiri ilə gəlmişdir.[60] Azərbaycanda istifadə edilən sayaçı sözləri mənaca heyvanların ilahiləşdirilməsinə qədər gedib çıxmış, qədim türk köçəri həyatını yenidən canlandırmışdır.[61] Digər bir şaman tanrısı olan Qodu isə günəşi çağırmaq üçün istifadə edilir. Araşdırmaçılar onun bir büt-ilahə olduğunu və ya Günəş və Ayı təmsil etdiyini düşünür.[62]

Al Ana və ya Hal anası türk xalqlarında məfni rol oynayan ilahədir. Azərbaycan miflərində Hal anası qırmızı rəngli geyimləri olan, qırmızı saçlı bir qadındır. Doğuş zamanı zahının başının üstündə dayanır. Gözəgörünməz olan Hal anası anaya və ya uşağa xətər yetirmək məqsədini güdür. Ondan qorunmanın müxtəlif üsulları vardır: tüfəngdən güllə atmaq, zahıya kişi paltarı geydirmək və ya adını Məryəm çağırmaq.[63] Azərbaycan dilində Al inancının izlərini "Al apardı", "Al vursun" kimi ifadələrdə görmək mümkündür.[64]

Azərbaycanın bir sıra bölgələrində Humay adlandırılan qayalar və onunla bağlı inamlar qədim türk tanrısı Umayın ana kultunun hələ də mövcud olduğunu göstərir. Bura gələn uşaqsız qadınlar başını qayaya qoyub yatar, uşaqlar isə sümüyü bərkisin və tez yerisin deyə qayanın altındakı deşikdən keçirilərmiş. Qubadlı rayonun Qaracallı kəndində isə Umay kahası mövcud olmuşdur.[65] Umay kultu ilə İslamdakı Fatimənin birləşməsi nəticəsində Fatma Qarı obrazı ortaya çıxmışdır.[2]

Azərbaycan nağıl qəhrəmanı Tufan Divin qız qaçırarkən ildırım çaxması motivi bu divin İldırım tanrısının izlərini daşıdığını göstərir. Onun oğlu Tapdıq Göy oğlu kimi göydən yerə atılır və tapıldığı üçün adına Tapdıq deyilir. Eynən İldırım tanrısının övladlarında da bu motiv görülür. Beləliklə, Tufan divin oğlu Tapdıq türk və monqol əfsanələrində şeytani qüvvədən təmizlənməsi üçün göydən yerə göndərilən Tanrının övladları şəklindəki əfsanəvi qəhrəmanlar qrupuna aid olunur.[66]

Novruz bayramında torpağın iki tərəfdən qazılması və altından keçidin düzəldilməsi, sonra insanların oradan keçməsi yer kultunun bir qalığı olub, torpaq ruhu və Yer Ana (Certenger) ruhundan yenidən canlanmağı ifadə edirdi. Digər türk xalqları ilə ortaq örnəklər Al Dədə, Albasdı, Alvız (Dağ Ana), Andar xan, Qanım Xan və s.-dir. İyələr adlandırılan, türk mifologiyasında qoruyucu rol oynayan ruhlara Çay nənəsi, Ev iyəsi, Meşə iyəsi, Od iyəsi, Su sahibi, Yel iyəsi, Yer iyəsi daxildir.[67][68][69]

Ruhlar[redaktə | mənbəni redaktə et]

Ağac kişi və ya Ağac iyəsi.

Azərbaycanın bəzi bölgələrdə dədə-baba ruhlarının yad edildiyi cümə günləri Adına günü adlandırılır. Burada istifadə edilən "Adna-Ayna" sözünün ruhlar aləmi ilə əlaqəsi vardır.[70] Bu günlə bağlı bir çox inanc və fikir mövcuddur. Azərbaycan inanclarına görə, ölülərin ruhları bu gündə öz evlərini ziyarət edir.[71] Ölülərin ruhlarının dünya ilə əlaqəsi ilə bağlı olaraq "ruh ölçmə" inancı vardır.[72]

Azərbaycanlılara görə, qoruyucu ruhlar olan Sahiblər (iyələr[73]) gözə görünməzlər, nəyin sahibidirlərsə, orada yaşayarlar.[3] Su sahibi onlar arasında ən üstün olandır. Ona görə də səhər suyun yanına gedəndə Su sahibinə salam verərlər. Təmiz suya çirkli su tökmək qadağandır.[74] Azərbaylılarda "bizdən yaxşılar" ifadəsi cinləri ifadə etmək üçün istifadə edilən adlandırmadır. "Bizdən yaxşılar" ayağın altı da daxil olmaqla torpağın hər qarışında mövcuddurlar. "Bizdən yaxşılar" Sahiblər (iyələr[73]) kimi gözə görünmürlər, ancaq heç nəyin sahibi, yəni qoruyucu ruhu deyildirlər. "Bizdən yaxşılar"ın ağac altında, qaranlıq yerlərdə, su kənarında, təbiət ərazisində yaşamaqları onların şər qüvvələrin əlində oduğunu göstərir.[3] Azərbaycanda şər ruhlardan qorunmaq üçün oğlan övladına 15 yaşına qədər qız paltarı geyindirilməsi adəti mövcuddur.[75]

İnanclara görə, qaraçuxa müsbət qəhrəmandır, evin girişində dayanır, ancaq gözə görünmür. Evə girəndə qaraçuxaya salam verilməlidir. Digər bir inanca görə isə, evin girişinin öz sahibi var, ona "astana cini" deyirlər. Hava qaralmağa başlayanda evin girişində oturmaq və ya əli qoynunda durmaq olmaz.[76] Ev iyəsi adlandırılan varlıqlar isə evin işığının söndürülməsini istəmirlər. Evə girəndə onları salam verilməlidir ki, qaçıb evin bərəkətini özləri ilə aparmasınlar, ev xarabaya dönməsin. Maraqlıdır ki, bu qayda həm də şər qüvvələr olan "Bizdən yaxşılar"a aid edilir.[77] Kimsənə adlı ruhlar isə quş cildinə girib insanın yuxusuna girər, evə bərəkət gətirər.[78]

Əcinnələr isə hər yerdə mövcud ola bilən şər ruhlardır. Atəşdən yaradılıblar, içlərində müsəlman və kafir olanları var. Əcinnələr hava qaralanda, su iməyə gedəndə və ya ağac altında oturarkən insanlar vurarlar. Əcinnənin vurduğu adamın bədəni göyərər və bir müddət sonra ölər. Onun düzəlməsi üçün Günəşə dua edərlər. Vurulan adam müsəlmandırsa, əcinnə onu bağışlayır.[79]

Ərdov və ya ərdoy azərbaycanlıların inanclarında su ruhunu təmsil edir. Onun insanlara heç bir ziyanı dəymir. Ölü basdırılanda ərdov qəbirə yaxınlaşmasın deyə 3 gün qəbirin üstündə şam yandırılır. Azərbaycanın qərb bölgələrində qulyabanıya aid edilən xüsusiyyətlər ərdova da aid edilə bilər. Bundan başqa Azərbaycan dilindəki "Suya de, eşitsin, ərən köməyinə yetişsin", "yalan desən, səni suyun ərənləri vursun" kimi ifadələr mifik mənasını qorumuşdur.[80]

İnanclar[redaktə | mənbəni redaktə et]

Mifik quş Simurq. Sitarə Rəhimova

Azərbaycan xalqının inanclarında qurda, marala, inəyə, ağ quşa, ilana, aslana, qaba ağaca totem kimi yanaşıldığı müşahidə olunur. "Qurdun oğlu" mifində dişi qurd tərəfindən bəslənilən oğlan böyük güc əldə edir və öz xalqının xilaskarına çevrilir. "Xilaskar qurd" mifində müqəddəs qurd türkləri xilas edir, onlara qurtuluş yolunu göstərir. İlanlar isə bəzi mif və inanclarda insanlara heyvanların dilin öyrədir, xəzinələrin insanlarla paylaşır, digərlərində mənfi obraza sahibdir, zəhərli varlıqlar kimi tanınır.[51]

Azərbaycan inanclarında təbiətdəki hər şeyin ruha sahib olması görüşləri vardır. Məsələn, əncir ağacını kəsəndə "Ruhu səni tutacaq" qənaətinə gəlirlər. Yerə qaynar su atanda "Torpağın ruhunu incitdin" deyirlər. Quşa daş atanda "Onun ruhundan qorx!.." xəbərdarlığını edirlər.[5]

Azərbaycan mifologiyasında insanın, xüsusilə ölünün ruhunun əbədilik mövcudluğu ön plana çəkilir və zənn edilir ki, cismən bədən fəaliyyətini dayandırsa da, ruh real dünyada yaşamaqda davam edir, təkcə məhsuldarlığını itirmiş olur. Azərbaycanda qəbir üstünə gedənlər özləri ilə ölünün ruhuna çalınmış halva, Novruz bayramında isə səməni aparıb qəbirin üstünə qoyurlar. Qəbir qohum-əqrəba və ailə üzvləri tərəfindən ziyarət ediləndə onlar qəbirin üstünü yuyur, su çiləyirlər. Daşla 3 dəfə qəbirin aşağısını döyürlər. Bununla, ölüyə gəldiklərini xəbər verirlər. Qəbirin üzərinə onu ziyarətə gəldiklərini bildirmək üçün müəyyən işarələr qoyurlar.[81]

Həmçinin inanclarda insana xas xüsusiyyətlərin əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız varlıqlara, göy cisimlərinə, heyvan və quşlara aidliyi mövcuddur. Daş beşikdən tutmuş, göy cisimlərinə — günəşə, aya, ulduzlaradək bütün canlı-cansız varlıqlar insanlar kimi düşünə, danışa, yarada, şüurlu fəaliyyətdə ola bilir.[5]

Ağacın üzərində qoç buynuzu

Magiya, yəni fövqəltəbii qüvvələrin gücü ilə dünyaya (təbiət hadisələrinə, ruhlara, adamların əhval-ruhiyyəsinə, sağlamlığına) təsir etməyin yolunun tapılması əfsun, cadu, sehr, tilsim, fal və duaların toplusu şəklində anılır. Əski azərbaycanlılar qorxunu götürməkdən ötrü (bəzi kəndlərdə indi də icra olunur) cəftə suyu verirdilər. Onun çəkicini adi suya salır, alınan yaxalantını magik gücə malik hesab edirdilər. Keçi piyini bədəninə sürtməklə xəstənin sağalacağına ümid bəsləyirdilər. Şər işlərin baş tutması üçün isə qurd yağından və ilan qabığından istifadə edirdilər. Kolu, tikanlı ağacların budaqlarını və üzərlik bitkisini evlərin astanasından asırdılar ki, pis nəzərləri içəri buraxmasın. Bağbağata ziyan dəyməsin deyə itin kəllə sümüyünü çəpərin üstünə sancırdılar.[5]

Azərbaycan inanclarında kiçik məişət əşyalarından tutmuş silahlara, bulaqlara, təpələrə, qayalara kimi hamısı ilahiləşdirilib tarixin müxtəlif dönəmlərində insanların ümid yerinə çevrilmişdir. Müxtəlif nağıl və dastan nümunələrində bir silsilə sehrli əşyalar və vasitələr təsvir edilir ki, qeyri-adi işləri yerinə yetirir, möcüzələr törədir. Bu inanclara müxtəlif yerlərin müqəddəsləşdirilməsində də qarşılaşılır. Məsələn, Azərbaycan bayatılarında dağlardan böyüklər olaraq söz açılır.[5] Qoşqar dağı keçmişdə azərbaycanlılar tərəfindən müqəddəs olaraq görülürdü.[82]

Azərbaycan mifoloji sistemində və inanclarında ağac (ağac pirlərinə bu gün də paltarlarından bir hissə qoparıb asanlar var), dağ, qaya, su, bulaq, ilan (ilan pirləri), öküz, inək, at, ocaq, ata, ana, baba (Şəkidə Babaratma piri, Ağdaşda Gündoğdu baba ziyarətgahı) kultlarının izlərinə rast gəlinir.[5] Ağac kultu geniş yayılıb. Hətta müasir dövrdə də ip və ya parçaların ağaclara bağlanmasına rast gəlinir. İlisu kəndindəki "Qoz piri"ndə şəfa tapmaq üçün gələn xəstələr, övlad istəyən qadınlar bu piri ən müqəddəs bir qüvvə kimi qəbul edirlər. Qaxla İlisu arasında Qarabulaq adlı yerdə "Zoğal pir" var. Ziyarətçilər zoğalın budaqlarına ip, sap, əsgi parçası, yun qırığı, kağız pul və s. bağlayırlar.[51]

Uğur və vergi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalələr: BadəButa (ilahi vergi)

Bəzi uşaqların gələcəyi gördüyü, olacaq hadisələri hiss etdiyi düşünülür.[83] Bundan başqa yuxuda bəzi simvolların görülməsinin işarə olduğu, bəzi insanlara sirr verildiyi və onların yuxularında həqiqəti gördüyünə inanılır. Bu haqq vergisi hər insana verilmir, sadəcə bəzi nəsillərin bütün üzvlərinə verilir. Belə şəxslər "yuxuda badə içmişlər" adlandırılır. Bu cür ailələrin oğlanlı-qızlı bütün üzvlərində müəyyən bir yaşa gələndə xüsusi hallar müşahidə edilir.[84]

Azərbaycanda Qərb ulduzunu və ya Bəxt ulduzunu görən şəxs uğurlu qəbul edilər.[33] Nəzərdən qorunmaq üçün isə üzərlik yandırılır.[85]

Mərasimlər[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Azərbaycanda mərasimlər

Azərbaycanda uzun müddət yağan yağışdan sonra Günəşin çıxması istənilirsə, Baba dağından gətirilən daş ocaqdakı külə basdırılır. Sonra eyni ocaqda xəşil pişirilir. Xəşili ananın ilk uşağı qarışdırar, əfsunçu basdırılan daşın üzərinə közlər yığa-yığa əfşunun sehrli hissəsini oxuyar: "Qodu, odu daşı. Odu kəssin yağışı." Bu ayində Günəş iyəsi ilə əlaqə qurmaq üçün dağ, daş və ocaq kultlarından istifadə olunur.[86] Yağışı yağması üçün isə yeddi daş ipə bağlanıb suya atılar, ucu qarağac və ya fındıq ağacına bağlanılar.[87]

Ayın 3 günlüyündə subaylar eyvana çıxıb niyyət tutarlar. Bunu üç gün təkrar edən şəxs üçüncü gün yuxusunda evlənəcəyi şəxsi görər. Ay vasitəsilə gələcəyi görmə inancları Azərbaycandan başqa Şərqi Anadoluda da yayılmışdır.[30] Qisməti təyin etməyin digər bir üsulu Xızır Nəbi bayramında icra edilən üzük falı və ya yeyilən almanın toxumlarının yastıq altına qoyulduqdan sonra görülən yuxudur.[88][89]

Zifaf gecəsindən əvvəl yeddi və ya doqquz budaqlı ağacı şəkər və meyvələrlə bəzəyərlər.[87] Uşaq sahibi olmaq üçün isə qışın doqquzuncu gününün gecə yarısından sonra ayaz vurmuş almanı uşaqsız qadın yeməlidir.[30]

Hamiləlik rahat keçsin deyə qoca Bilici qadın hamilənin qarnı üstünə bıçaq sürtər. Doğum zamanı isə Bilici qadının buyruğu ilə içəridə qadınlar, çöldə kişilər bıçaq itiləyərlər. Doğumdan sonra insanlar bıçaq itiləməyi dayandırarlar.[90]

Vacib şəxslər[redaktə | mənbəni redaktə et]

  • Ruhçu. Qəbirinə gedilməyən, yad edilməyən ölünün ruhu öz yaxınını "tutur". Ölünün gözü hələ də bu dünyadır. Buna görə də ölünün nə istədiyi öryənmək üçün ruhçunun yanına gedərlər. Ruhçu ata-anadan qalma bir bacarıq olaraq, ruhları "ölçür". Hər kəs ruh ölçə bilməz. Ruhçu ölünün nə istədiyini yaxınına deyir. Məsələn, ölü halva pişirilib, yeddi qonşusuna paylanmasını istəyə bilər.[91]

Bəzi inancların siyahısı[redaktə | mənbəni redaktə et]

  • Qarabasma. Gözə pis bir şey görünməsidir, kabuslar da buna aiddir.[92]
  • Qaradaban. Gecə doğulan şəxsə deyilir. Gördüyü iş həmişə uğursuz olur.[93]
  • Qarı nənənin örkəni. Yağışdan sonra səmada yaranan yeddi rəngli göy qurşağının xalq arasındakı adıdır.[94] Göy qurşağının altından keçəndə qız oğlan, oğlan isə qız olur.[95]
  • Qış. Azərbaycan inanclarında qış qoca qarı olaraq təsəvvür edilir.[96]
  • Qoşabulaq. Koroğlu dastanında dirilik suyudur.[50]
  • Qut. Azərbaycan türk şivələrində "qut"un "həyat gücü, can" ("qutdan düşmək" — yaşamaq gücünü itirmək) mənaları qorunubdur. Bu anlayış Azərbaycan türk ədəbi dili örnəklərində "sayalı, mübarək, xeyirli, uğurlu" anlamlarında da işlənmişdir.[65]
  • Yuxuda at görmək. Uzunboyluluq və arzuya çatmağa işarədir.[97]

Ulduzlar və Ay[redaktə | mənbəni redaktə et]

  • Günəş və Ay. Azərbaycan inanclarında Günəşın qız, Ayın isə oğlan uşağı olması fikri vardır.[96]
  • Qərb ulduzu. Azərbaycan inanclarında Qərb ulduzunu görən şəxs uğurlu qəbul edilər.[33]
  • Ülkər ulduzu. Əfsanəyə görə, Ülkər adlı qızı atası ot qarşılığında ağa ilə evləndirmək istəyir. Ülkər göyə yalvararaq ot gətizdirir və daha sonra göyə qalxır.[50]
    • Karvanqıran. Əfsanəyə görə göydə Ülkər ulduzunu gördüyünü fikirləşən karvan gözətçisi bütün karvanın borana düşməsinə səbəb olur. Həmin Yalançı Ülkər ulduzu "Karvanqıran" adlandırılır.[50]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Caferoğlu, 1956. səh. 66-67
  2. 1 2 Beydili, 2003. səh. 214-215
  3. 1 2 3 Beydili, 2003. səh. 104
  4. Набиев А. (азерб.)русск.. Азербайджанские сказки, мифы, легенды (рус.) / Редактор Т. Рашевская. — Б.: Азербайджанское государственное издательство, 1988. — 303 с.
  5. 1 2 3 4 5 6 7 8 9 Qafarlı, Ramazan, AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI, ADPU, 2010
  6. 1 2 Набиев А. (азерб.)русск.. Взаимосвязи азербайджанского и узбекского фольклора (рус.) / Научный редактор доктор филологических наук А. Дж. Гаджиев. — Б.: Язычы, 1986. — 286 с.
  7. Халипаева И. А. Кумыкская мифология и ее турецко-азербайджанские параллели // Языки, духовная культура и история тюрков. Традиции и современность. — 1997. — Т. II. — С. 129.
  8. Türk Mitolojisinin Ana Hatlari. Yaşar Çoruhlu, 2002. 237 səhifə
  9. 1 2 3 İRAN TÜRKLÜĞÜNDE GELENEKSEL TÜRK İNANÇLARININ ETKİ VE İZLERİ. Impact and Traces of Traditional Turkish Beliefs Among Iranian Turks. Yrd. Doç. Dr. Mousa RAHIMI. Sitat səhvi: Xətalı <ref> etiketi; "irran" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  10. Babək, 2011. səh. 48-49
  11. Babək, 2011. səh. 40
  12. Karakurt, 2011. səh. 144
  13. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 419-446
  14. 1 2 Qafarlı, 1999. səh. 27-30
  15. Qafarlı, 2004. səh. 69
  16. Qaliboğlu, 2020. səh. 152
  17. Оразаев Г. М.-Р. Исторические сочинения Дагестана: на тюркских языках: тексты, комментарии. — Махачкала: Эпоха, 2003. — С. 87. — 332 с.
  18. Beydili, 2003. səh. 110
  19. 1 2 Türk Mitolojisi. Bahatdin Uslu. 2014. 355 səhifə.
  20. 1 2 Beydili, 2003. səh. 573-574
  21. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
  22. Beydili, 2003. səh. 21
  23. Beydili, 2003. səh. 324
  24. Türklerde Dağ Kültü Inancı Ve Altay, Tıva Ve Şor Destanlarında Dağ (Seniha Sönmez). Balıkesir, 2008.
  25. Beydili, 2003. səh. 231
  26. Beydili, 2003. səh. 149-150
  27. Beydili, 2003. səh. 88
  28. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 20-21
  29. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 330
  30. 1 2 3 Kalafat, 1998. səh. 66
  31. Beydili, 2003. səh. 225
  32. Beydili, 2003. səh. 504
  33. 1 2 3 Kalafat, 1998. səh. 68
  34. Beydili, 2003. səh. 221
  35. Beydili, 2003. səh. 466
  36. Beydili, 2003. səh. 568
  37. Beydili, 2003. səh. 456
  38. Beydili, 2003. səh. 459-460
  39. 1 2 Kalafat, 1998. səh. 142
  40. 1 2 3 Kalafat, 1998. səh. 54
  41. 1 2 Beydili, 2003. səh. 292
  42. Beydili, 2003. səh. 528
  43. Türk Mitolojik Sistemi 2: Kutsal Dişi – Mitolojik Ana, Umay Paradigmasında İlkel Mitolojik Kategoriler – İyeler ve Demonoloji. Fuzuli Bayat. Ötüken Neşriyat
  44. Beydili, 2003. səh. 29-30
  45. Beydili, 2003. səh. 328
  46. Beydili, 2003. səh. 441
  47. Beydili, 2003. səh. 485
  48. Beydili, 2003. səh. 170
  49. Khudaverdiyeva, 2024. səh. 52
  50. 1 2 3 4 Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 174 s.
  51. 1 2 3 4 Әфәндијев П. (азерб.)русск.. Азәрбајҹан шифаһи халг әдәбијјаты (азерб.) / Научный редактор А. Набиев (азерб.)русск.. — Б.: Маариф, 1992. — 477 с.
  52. Басилов В. Н. Пари // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1982. — Т. II. — С. 287.
  53. SMOMPK: AZƏRBAYCAN FOLKLORU MATERİALLARI. 2-ci cild, AMEA Folklor İnstitutu, 2019
  54. Каракашлы К. Т. (азерб.)русск.. Материальная культура азербайджанцев Северо-восточной и Центральной зон Малого Кавказа: историко-этнографическое исследование. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1964.
  55. В. Б. Агач-Киши // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 35.
  56. Гюль-ябани // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 342.
  57. Məmmədova L. SMOMPK ("Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu") məcmuəsində kiçik janrlar. // "Folklorşünaslıq məsələləri" IX bur. Bakı, 2011, s.136–145
  58. Kalafat, 1998. səh. 42
  59. Beydili, 2003. səh. 96
  60. Beydili, 2003. səh. 488
  61. Caferoğlu, 1956. səh. 72
  62. Caferoğlu, 1956. səh. 68-69
  63. Məmmədova L. SMOMPK («Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu») məcmuəsində kiçik janrlar. // «Folklorşünaslıq məsələləri» IX bur. Bakı, 2011, s.136-145.
  64. Beydili, 2003. səh. 46
  65. 1 2 Cəlal Bəydili (Məmmədov). Türk mifoloji obrazlar sistemi: struktur və funksiya (monoqrafiya). — Bakı: Mütərcim, 2007. — 272 səh.
  66. Beydili, 2003. səh. 547
  67. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
  68. Eski Türk Dini İzleri, Yasar Kalafat, 1998, Ankara (türk.).
  69. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
  70. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 23
  71. Beydili, 2003. səh. 79-80
  72. Beydili, 2003. səh. 455
  73. 1 2 Beydili, 2003. səh. 270
  74. Beydili, 2003. səh. 136
  75. Kalafat, 1998. səh. 105
  76. Beydili, 2003. səh. 204
  77. Beydili, 2003. səh. 205-206
  78. Beydili, 2003. səh. 358
  79. Beydili, 2003. səh. 187
  80. Beydili, 2003. səh. 195-196
  81. Ələkbərova, Ülkər. Türk xalqlarının yas mərasimləri və inancları / Ü. Ələkbərova // Ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. — 2018. — № 1. — S. 258–267.
  82. И. М. Джафар-заде. Экспедиция по обследованию циклопических сооружений Азербайджана // Известия АзФАН СССР. — 1938. — № 3. — С. 38.
  83. Kalafat, 1998. səh. 115
  84. Kalafat, 1998. səh. 90
  85. Kalafat, 1998. səh. 92
  86. Kalafat, 1998. səh. 64-65
  87. 1 2 Kalafat, 1998. səh. 77
  88. Kalafat, 1998. səh. 75
  89. Kalafat, 1998. səh. 118
  90. Kalafat, 1998. səh. 55
  91. Beydili, 2003. səh. 77
  92. Beydili, 2003. səh. 298
  93. Beydili, 2003. səh. 300
  94. Beydili, 2003. səh. 217
  95. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
  96. 1 2 Beydili, 2003. səh. 63
  97. Beydili, 2003. səh. 71

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Caferoğlu, Ahmet. Azerbaycan ve Anadolu Folklorunda Saklanan İki Şaman Tanrısı (türk). Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cilt 5, Sayı 1-4. 1956.
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
  • Kalafat, Yaşar. Eski Türk Dini İzleri (türk). 1998.
  • Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (türk). Yurt Yayınevi. 2003.
  • Aynur Babək. Azərbaycan folklorunda su ilə bağlı inamlar, Bakı, "Nurlan", 2011. – 212 səh.
  • Deniz Karakurt. Türk Əfsanə Sözlüyü. Türkiyə, 2011.
  • Elçin Qaliboğlu (İmaməliyev). Yaradılış mifləri və Azərbaycan əfsanələri. Bakı, Elm və təhsil, 2020, 180 səh.
  • Ramazan QAFARLI. MİF, ƏFSANƏ, NAĞIL VƏ EPOS (EPİK. ƏNƏNƏDƏ JARLARARASI ƏLAQƏ). Bakı, 1999.
  • Ramazan QAFARLI. Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat). Bakı, 2004.
  • Khudaverdiyeva T. (2024). ABOUT THE CHTHONIC WORLD IN AZERBAIJANI FAIRY TALES: TIME AND SPACE. Slovak International Scientific Journal, 79, 50–54. https://doi.org/10.5281/zenodo.10480905