Əbdül Əbdülzadə

Əbdülzadə Əbdül Abbas oğlu — Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - "1001 xırdavat" mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə (1892/94-təx.1940) müəllim işləyib. Əbdül Əbdülzadə Sonqulu məscidində molla yanında oxuyub.

Əbdül Əbdülzadə
Əbdülzadə Əbdül Abbas oğlu
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Vəfat yeri Bakı

Sonra Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə oxuyaraq oranı bitirib (3.5.1918). AC Parlaman idarəsində (dəftərxanasında) məzbətə mühərriri - stenoqrafçı (1.1.1919-adək; ARDA,).

18 may 1919-dan Gəncə ibtidai məktəbində müəllim işləyib. 1920-nin yanvarında Cümhuriyyət onu oxumağa Türkiyəyə – İstanbul Universitetinin hüquq fakültəsinə göndərib. Bu vaxt London və Parisdə də olub. 1920-nin iyulunda Tiflisdən keçməklə Bakıya qayıdıb və 25 avqust 1920-dən nəşriyyatlarda tərcüməçilik edib.

1921-də təhsilini M.Əzizbəyov adına Bakı Politexnik İn-tunda (indiki Neft Akademiyası) davam etdirib və 1925-də mexanika bölməsini bitirərək mühəndis olub. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində riyaziyyat ixtisası üzrə də oxuyub (20.5.1926-da bitirib). 11 sentyabr 1922-ci ildən 14 may 1927-ci ilədək Nərimanov adına texnikumda müəllim işləyən Ə.Əbdülzadə 18 yanvar 1927-də həbs edilib və 1922-1924-də "Müsavat" partiyasının gizli təşkilatında iştirakına görə 8 il iş verilərək 1928-in yayında Solovki adasına sürgünə göndərilib.

1934-də sürgündən qayıdıb, ancaq Bakıda yaşamağa icazə verilmədiyinə görə Gəncəyə gedib.

1934-1936-cı illərdə orada Gəncə Sənaye Politexnik Texnikumunda, Gəncə dəmiryol inşaatı texnikumunda və Fəhlə fakültəsində dərs deyib. 9 nəfər köhnə məhbus yoldaşıyla birgə 24 dekabr 1936-də yenidən gizli müsavatçılıq fəaliyyəti üstündə həbs edilərək 28 iyul 1937-də onlarla birgə güllələnib.[1]

Xudad Məlikaslanov, Əhməd Pepinov, Ağa Axundov, Məhəmmədbəy Məhəmmədbəyov, Əbdül Əbdülzadə və Əliheydər Babayev tərəfindən tərtib edilmiş "Dəmiryol işlətmə istilahları" (1924) da dövrün soraq-məlumat nəşri kimi diqqəti cəlb edir.[2]

  1. [1]
  2. "Arxivlənmiş surət". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-01.