Abdulla Tahirzadə

Abdulla Mahmud oğlu Tahirzadə (19 yanvar 1896, Vartaşen, Nuxa qəzası2 noyabr 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.[1]

Abdulla Tahirzadə
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR

Abdulla Tahirzadə 19 yanvar 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında anadan olmuşdur. İlk təhsilini Ağdaşda alan Tahirzadə orta təhsilini İstanbulda xeyriyyə məktəbində davam etdirmişdir. Daha sonra o, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. Orada Ali İqtisad Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. 1923-cü ildə vətənə qayıdan Abdulla Tahirzadə Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir.[1]

Repressiya dövrü

[redaktə | mənbəni redaktə et]

Abdulla Tahirzadə 1949-cu ildə repressiyaya məruz qalmışdır. O, 1949-cu ilin may ayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilmişdir. Beş il müddətinə islah-əmək düşərgəsində sürgündə olan Abdulla Tahirzadə 1953-cü ildə azad edilmişdir. O, iki il Cambulda (Qazaxıstan) müəllim işləmişdir. Yalnız 1955-ci ildə bəraət almışdır. Bəraətdən sonra ailəsi ilə birgə Bakıya qayıtmışdır. Həmin ildən etibarən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dərs demişdir.[1]

Abdulla Tahirzadənin qızı Nərmin Tahirzadə 1921-ci ildə İstanbulda anadan olmuşdur. O, anası ilə birgə 3 yaşıda ikən atasından bir il sonra, 1924-cü ildə Bakıya qayıdıb. 1939-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən Nərmin Tahirzadə 1944-cü ildən universitetdə müəllim kimi fəaliyyət göstərmişdir.[1]

Abdulla Tahirzadə ilə bərabər onun ailəsi də repressiyaya məruz qalmışdır. Belə ki, Tahirzadənin həyat yoldaşı və qızı "xalq düşməninin ailə üzvü" kimi Rusiyanın Tomsk vilayətinə sürgün edilmişdir. 1953-cü ildə əfv edilən həyat yoldaşı və qızına yalnız bir il sonra Abdulla Tahirzadənin yanına-Cambul vilayətinə gəlməyə icazə verilmişdir.[1]

Nərmin Tahirzadə 1955-ci ildə Bakıya qayıtmış və Azərbaycan Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində çalışmışdır. O, 1956-cı ildə "XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1961-ci ildən 1987-ci ilədək muzeydə şöbə müdiri kimi fəaliyyət göstərən Nərmin Tahirzadə 1973-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[1]

Nərmin Tahirzadə XIX əsrin sonu XX əsrin başlanğıcında Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparmış, XIX əsrdən üzübəri, təxminən, yüz illik dönəmdə Azərbaycanda yetişmiş, lakin adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin bir çoxu haqqında ilk dəfə məlumat verən 50-dən artıq sanballı elmi məqalə dərc etdirmişdir. O, XIX yüzildən 1920-ci ilədək Azərbaycandan gedərək Rusiya imperiyasının ali məktəblərində oxumuş yüzədək hərbçi, mühəndis, həkim, hüquqşünas və s. ali təhsilli mütəxəssislər haqqında zəngin material toplayaraq Azərbaycana gətirmişdir. Nərmin Tahirzadə uzun sürən xəstəlikdən sonra 17 yanvar 2012-ci ildə vəfat etmişdir.[1]

Abdulla Tahirzadə 1978-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 8 Mətanət Kərimova. "Yüz ümid, yüz işıq…" (az.)). anl.az. 3-4-2021 tarixində arxivləşdirilib.