Abbas bəy Muradov

Abbas Həmid oğlu Muradov (fr. Abbasse Mouradoff, 19 oktyabr 1899, Şuşa[1] – 4 iyun 1991, Şalon-an-Şampan, Fransa[2]) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Abbas bəy Muradov
Abbas bəy Həmid oğlu Muradov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Şalon-an-Şampan, Fransa
Təhsili

Ağdam rus-tatar (Azərbaycan) məktəbini (1912) və Peterburq realnı məktəbini bitirdikdən (1918) sonra bir müddət Ümumrusiya Müsəlmanlar ittifaqının icraiyyə komitəsində işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti himayədarlıq nazirliyinin qaçqınlarla iş şöbəsində çalışmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti quralduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–22-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923–25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi.

Abbas bəy Muradov 1929-cu ildə Paris Universitetində "Oynaq revmatizmi hallarında natrium salisilatının terapevtik dəyərinin öyrənilməsinə təcrübi töhfə" adlı dissertasiyanı müdafiə etmiş[3] və sonralar həkim kimi işləmişdir. Qabriel Busenqo (1910–2007) ilə ailə qurmuşdu. Onların Jak və Münir adlı iki oğlu və Lezli adlı qızı var idi.[4]

Abbas bəy Muradov 1991-ci ildə vəfat edib.

  1. [1]
  2. "Arxivlənmiş surət". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  3. "Bulletin général de thérapeutique". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  4. [2]