Mirzə Hacızadə

Mirzə Hacızadə və ya Mirzə bəy Göygöl (tam adı: Mirzə Məşədi Yusif oğlu Hacızadə; d. 1897, Gəncə; ö. 1980, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, kənd təsərrüfatı elmləri doktoru.

Mirzə Hacızadə
Mirzə Məşədi Yusif oğlu Hacızadə
Digər adı Mirzə bəy Göygöl
Doğum tarixi
Doğum yeri Gəncə, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri İstanbul
Həyat yoldaşı Zöhrə xanım Yusifbəyli
Atası Mirzə Məşədi Yusif
Milliyyəti Azərbaycan türkü
Elmi dərəcəsi
Mirzə Hacızadə Çingiz Cuvarlı və digər qohumları ilə

Mirzə Hacızadə 1915-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmiş, Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxumuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Berlin Universitetinə göndərilmişdir. O, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə etmişdi.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Təhsilini başa vurduqdan sonra Hacızadə bütün cəhdlərinə baxmarayaq, sovet işğalına məruz qalmış Azərbaycana dönə bilməmişdir.

Bir müddət Almaniyada seleksiyaçı alim kimi fəaliyyət göstərdikdən sonra Türkiyəyə dəvət olunmuş, 1961-ci ilədək İstanbulun Halkalı toxumçuluq stansiyasında işləmış, ali məktəblərdə dərs demişdir. Hacızadənin ali məktəb tələbələri üçün dərslik kimi istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunmuşdur.

Məhəmməd Əmin Rəsulzadə, Adil xan Ziyadxanov, Cahangir bəy Kazımbəyli, Mustafa Vəkilov, Nağı Şeyxzamanlı və Türkiyədə yaşayan başqa azərbaycanlı mühacirlərlə dostluq etmiş, evində müntəzəm toplantılar, müşavirələr keçirmişdi.

Gəncədə yaşayan Hacızadələr nəsli 1950-ci illərədək təqiblərlə üzləşmiş, bu nəslin onlarla nümayəndəsi sürgün həyatı keçirmiş, həmçinin Hacızadənin anası da Sibirə sürgün olunan insanların siyahısında olmuşdu. Sürgündən sonra anasına Gəncədə yaşamağa icazə vermədiklərinə görə Gədəbəydə yaşamış və orada da vəfat etmişdi.

Hacızadə Azərbaycanı bütün varlığı ilə sevirdi. Sovet dövründə Türkiyəyə səfər edən Azərbaycan mədəniyyət xadimləri dəfələrlə onun qonağı olmuş, maestro Niyazi ilə tanışlığı ailəvi dostluğa çevrilmişdi. Hacızadə Niyazinin dəvəti ilə 1968-ci ildə həyat yoldaşı Zöhrə xanımla birlikdə Bakıya gəlmiş, respublika alimləri qarşısında mühazirələr oxumuşdur. O, doğma yurduna getmək istəsə də, SSRİ təhlükəsizlik orqanları ona Gəncəyə getməyə, Gəncə çinarları ilə pıçıldaşmağa, Göygöllə qucaqlaşmağa icazə verməmiş, hətta anasının qəbrini belə ziyarət etməyə icazə verilməmişdir.

Hacızadə İstanbulda Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurmuşdur.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 414-415