Məhəmməd Ağaoğlu

Məhəmməd Ağaoğlu (ing. Mehmet Aga-Oglu; 24 avqust 1896[1], İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası4 iyul 1949[1], Detroyt, Miçiqan, ABŞ) — alim-sənətşünas, filologiya elmləri doktoru, professor.

Məhəmməd Ağaoğlu
Ağaoğlu Məhəmməd bəy Ağa oğlu
Doğum tarixi 24 avqust 1896(1896-08-24)[1]
Doğum yeri
Vəfat tarixi 4 iyul 1949(1949-07-04)[1] (52 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti sənətşünas, professor, kurator[d], redaktor[d]
Elmi dərəcələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmiş və həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Ağaoğlu burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olmuş və bu onda tədqiqatçılığa meyl oyatmışdır. O, 1916-cı ildə MDU-nu[3], 1926-cı ildə isə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.[4][5]

MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu 1916-1919-cu illərdə şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, Türkistan İran, İraq, Suriya və Orta Asiyaya səfər etmiş, filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir.

Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, həmçinin həmin dövrdə mədəni quruculuq işlərində bır sıra maarif mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışdır. O, Bakıda "İstiqbal" muzeyi yaradır, eyni zamanda arxeologiya və etnoqrafiya cəmiyyətlərinin təşkilində iştirak edir. "Qədim abidələrin müdafiəsi Cəmiyyəti" Ağaoğlunun təşəbbüsü və köməyi ilə yaradılmışdır. İstanbul muzeylərinin direktoru Xəlil Ədhəmin məsləhət və köməyi ilə 1923-1927-ci illərdə şərqşünas alimlərin kurslarında şərq dilləri və mədəniyyəti sayəsində biliyini təkmilləşdirmiş, yüksək ixtisas qazanmışdır. Həmçinin elmi tədqiqatına görə 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Avropada oxuyan Cümhuriyyət tələbələri ümumi yığıncağı (Berlin, Anadolu klubu, 1922-1923-cü illər). Tam mərkəzdəki xanım — Qəmər Ağaoğlu (Talıbxanbəyli), onun arxasında həyat yoldaşı Məhəmməd Ağaoğlu

Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Türkiyə və Avstriyaya yaşamışdır. 1927-1928-ci illərdə İstanbulda Milli Muzeyin "çinli köşk" islam incəsənəti bölməsinə müdirlik etmiş, eyni zamanda İstanbul Universitetinin incəsənət kafedrasında professor asistenti vəzifəsində çalışmışdır. Elə həmin ildə "Türk və İslam əsərləri" muzeyinin əvəzedici direktoru vəzifəsinə təyin edilmişdir.

Məhəmməd Ağaoğlu 1929-cu ildə ABŞ-yə köçərək ömrünün sonunadək orada yaşayır. Burada Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil etmiş, müsəlman şərq xalqlarının dekorativ səhnə nümunələrindən ibarət böyük sərgi açmış, çoxlu kolleksiya toplamışdır. Onun sayəsində Detroyt "İslam incəsənəti qalereyası" zənginliyi ilə seçilmişdir. 1933-38-ci illərdə Məhəmməd Ağaoğlu Detroyt universitetində Şərq xalqları mədəniyyəti kafedrasının professoru olmuşdur.

O, Azərbaycan, Türkiyə, İran və başqa Şərq ölkələrinin incəsənət tarixini tədqiq edərək Şərq miniatürü, xalça, bədii metal və parça sənətinə dair qiymətli əsərlər yazmışdır. Məhəmməd Ağaoğlu 50-dən artıq Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türkistan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair Amerika və Avropada dərc edilmiş elmi əsərin, həmçinin "İslam incəsənəti tarixi" (türk. İslam Sanat Tarihi; İstanbul, 1928), "XV əsrdə İranda kitab çapı" (ing. Persian Bookbindings of the Fifteenth Century; Ann-Arbor, 1935), "Səfəvilər dövrünün manufaktura və xalçaları" (ing. Ṣawafid Rugs and Textiles, The Collection of the Shrine of Imām ʿAli at al-Najaf; Nyu-York, 1941) kitablarının müəllifidir. Bu məqalələrdən İstanbul Topqapı sarayı muzeyinin kitabxanasında saxlanan bəzi naməlum əlyazmaları və bir neçə illüstrasiyalı əlyazmaları haqqında ilkin qeydlər, "Frir incəsənət qalereyasında saxlanan "Xosrov və Şirin" əlyazması" orta əsr Azərbaycan incəsənətindən bəhs edir.

Məhəmməd Ağaoğlu (soldan bağdaş qurub oturan 3-cü) "Firdovsinin anadan olmasının min illiyi" tədbirində, Tehran Universitetinin heyəti (Tehran, 1934-cü il)

1934-cü ildə Firdovsinin anadan olmasının min illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini təmsil etmişdir.

Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət etmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırmışdır. Ağaoğlu 1934-cü ildə təsis etdiyi "Ars İslamika" ("İslam incəsənəti") adlı jurnalın ömrünün sonunadək naşiri və redaktoru olmuşdur[6]. 4 iyul 1949-cu ildə[7] Amerikanın Detroyt şəhərində vəfat etmişdir.[4][5]

  1. 1 2 3 4 Nekroloq.
  2. 1 2 3 4 finding aid.
  3. Tahirzadə, Ədalət. Təhsil tariximiz: yeni bilgilər. Ali təhsil tariximizdən Arxivləşdirilib 2018-06-15 at the Wayback Machine. "Azərbaycan müəllimi" qəzeti (№5, 3 fevral 2012)
  4. 1 2 "Görkəmli azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-26.
  5. 1 2 "Azərbaycanda ilk dövlət muzeyi". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
  6. Vilayət Quliyev. Cümhuriyyət yazıları. Bakı: Çapar yayınları. 2021. səh. 365. ISBN 9056041100361.
  7. Weibel, Adèle Coulin. (1951). "Mehmet Aga-Oglu (1896-1949)" Arxivləşdirilib 2022-04-25 at the Wayback Machine. Ars Islamica (ingiliscə). The Smithsonian Institution. Vol. 15/16 (1951), pp. 267-271