Teymur bəy Aslanov (tam adı:Teymur bəy Zəkəriyyə bəy oğlu Aslanov; 5 (17) yanvar 1899, Şuşa – 18 oktyabr 1937) — mühəndis.
Teymur bəy Aslanov | |
---|---|
Teymur bəy Zəkəriyyə bəy oğlu Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat səbəbi | repressiya |
Təhsili | |
Fəaliyyəti | alim, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Zəkəriyyə bəyin ikinci oğlu Teymur bəy 5 yanvar 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Tədqiqatçı Vasif Quliyev onun haqqında araşdırma aparıb "Vağzalda həbs" adlı oçerk qələmə alıb. Onun araşdırmasından: "Otuz səkkizinci il başlanandan Teymur bəy Moskvada uzunmüddətli xidməti ezamiyyətdə idi. Bir əsrə qədər uzun görünən bu səfər onu ailəsindən xeyli vaxt idi ki, ayrı salmış, tamam bezdirmişdi. Həyat yoldaşı Xeyransa (Bacı) xanımdan, üç gülüzlü balası-altı yaşlı qızı Ədilədən, üç yaşlı oğlu Raufdan və dördaylıq südəmər sonbeşiyi Akifdən ötrü burunun ucu göynənirdi. Hələ Moskvadaykən ailəsindən nigarançılığı və Azərbaycandan gələn bəd xəbərlər-əməl yoldaşlarına bir-birinin ardınca həbs olunması onu bərk narahat edirdi. Artıq bu üzücü aylar, günlər, saatlar arxada qalmışdı. Teymur bəy ezamiyyətinin başa vurub, evlərinə qayıdırdı. Lakin heç ağlına da gətirmirdi ki, Bakıya çatan kimi onu tutub, qandallayaraq birbaşa həbsxana küncünə atacaqlar. Xəbəri yox idi ki, həbs olunmuş bəzi "dost"larının ifadələri əsasında 1938-ci il martın 31-də məsuliyyətlə cəlb olunması barədə qərar çıxarılıb. Bilmirdi ki, hökumət adamları dəmir yol vağzalında onu gözləyirlər. Amma çoxdan ürəyinə dammışdı ki, bir gün onu da tutacaqlar. Çünki üzvü olduğu antisovet-milli üsyançı əksinqilabi təşkilat 1936-cı ildə Azərbaycan Xalq daxili Işlər Komissarlığı tərəfindən artıq ifşa olunmuş və ötən 1937-ci il ərzində tamamilə ləğv edilmişdir. Lakin təşkilatın azadlıqda qalan üzvləri hələ də axtarılır və bir-birlərinin ardınca həbs olunurdular.
Elə ürəyinə damdığı kimi də oldu. Budur, may ayının on beşidir. Moskva-Bakı sərnişin qatarı fit çala-çala, ağır-ağır vağzala daxil oldu. Sərnişinlər vaqonları tərk eləməyə başladılar. Teymur bəy də çemodanın götürüb, perrona endi. Marıqda durmuş köpək sürüsü kimi dəmir yol vağzalının bütün bənd-bərələrini kəsmiş və sayıq vəziyyətdə dayanaraq növbəti ovlarını gözləyən Azərbaycan Xalq Daxili Işlər Komissarlığının operativ əməliyyat qrupunun üzvləri dərhal onun başının üst ünü aldılar. Əsasən ermənilərdən və ruslardan ibarət olan bu qrupun rəhbəri, VII şöbənin 3-cü bölməsinin operativ müvəkkili, dövlət təhlükəsizlik kiçik leytenantı Babenko həbsolunma barədə orderi Teymur bəyə təqdim edim, onlarla getməyi əmr elədi. O, naəlac qalaraq bu it sürüsünün qabağına düşdü. Teymur bəyi birbaşa komissarlığın daxili həbsxanasına apardılar.
Teymur bəy həbsxanada heç yerini "isitməmiş" ertəsi gün elə həmin Babenko istintaqa başladı. Müttəhim müstəntiqin suallarına qısaca olaraq ya "yox", ya da "bilmirəm" deyə cavab verir, heç nəyi boynuna almırdı. Lakin bilmirdi ki, həbs olunmuş "dost"larının çoxu öz ifadələrində onun da adını hallandırmış, necə deyərlər, açmışdılar sandığı, tökmüşdülər pambığı…
Teymur bəy Şuşada tanınmış xalq müəllimi Zəkəriyyə bəy Aslanovun ailəsində doğulmuşdu. Şəhər realnı məktəbində oxuyarkən və daha sonralar o, rusların köməyilə ermənilərin Qarabağda at oynatdıqlarını gözlərilə görmüş, ömür boyu çar hökumətinin bu siyasətinə nifrət bəsləmiş və elə bu hadisələrin təsiri ilə də onda vətənpərvərlik hissləri, milli şüur formalaşmağa başlamışdı. Təsadüfi deyil ki, 1918-ci ildə erməni-müsəlman qırğını yenidən alovlanarkən Teymur bəy də Qarabağın bir çox vətənpərvər oğulları kimi özünü birincilər sırasında səngərlərə atmış və daşnaklara ölüm-dirim mübarizəsinə qalxmışdı.
Gənc vətənpərvər xalqına gələcəkdə faydalı olmq, millətini erməni-rum məngənəsi arasından çıxarmaq üçün yollar arayıb-axtarır və bunun üçün ilk növbədə, ali təhsil almaq haqqında fikirləşdirdi. Nəhayət, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xarici ölkələrin ali məktəblərində oxumaq üçün azərbaycanlı gənclər seçilib, göndərilməyə başladı. Gələcək tələbələrin siyahısına, əsasən, neft sənayesi sahibkarlarının, iri mülkədarların, bəylərin, xanların uşaqları düşmüşdü. Lakin Üzeyir bəy Hacıbəyovun və digər müttəriqi ziyalıların qəti etirazları və inadkarlığı sayəsində bu siyahıya ömrünü xalq maarifinə, mədəniyyətə, təbabətə və sair sahələrə həsr eləmiş görkəmli ziyalıların övladlarından, kasıb-kusub balarından dabirneçə nəfərin adı yazıldı. Iyirmi bir yaşlı Teymur bəy də (1899-cu ilin yanvarın 5-də doğulmuşdur) onların arasında idi. 1920-ci ilin yanvar ayında o, Bəhram Hüseynzadə, Hüseyn Quliyev, Ibad Əliyev, Əfəndi Əfəndiyev, Əhməd Şahnəzərov və başqaları ilə birlikdə Azərbaycan Demokratik Respublikası rəhbərlərindən və Milli ziyalılarımızdan xeyir-dua alıb, ali təhsil dalınca Avropaya yollandı. Bir neçə gündən sonra bu gənclərin çoxunun yolu şaxələndi və hərəsi bir ölkəyə üz tutdu. Teymur bəyin bəxtinə isə Fransada oxumaq düşdü.
1919-cu ildə demokratik cümhuriyyət tərəfindən Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə-Versal sülh konfransına ezam edilmiş Ceyhun bəy Hacıbəyov və Müsavat parlementinin keçmiş üzvü Əlimərdan bəy Topçubaşov da həmin vaxt Fransada idilər. Teymur bəyi burda yaxın qohumu Ceyhun bəyin özü qarşıladı. Onun bir çox problemlərini dərhal həll elədi, yaşamaq və oxumaq üçün mümkün olan şərait yaratdı.
Teymur bəy institut məşğələlərindən sonra vaxtını, demək olar ki, Ceyhun bəylə və Əlimərdan bəylə keçiridi. O, Əlimərdan bəyin oğlu Ələkbərlə birlikdə oxuduğuna görə tez-tez dostugilə gedir, bu iki böyük siyasi xadimi söhbətlərini dinləyir, siyasi əqidəsi get-gedə formalaşırdı. Bizə məlum olmayan səbəblərə görə sonralar Teymur bəy Fransadan Almaniyaya gəlmiş və təhsilini Kotbus şəhərindəki "Prussiya Ali Toxuculuq Təhsil Müəssisəsi" institutunda davam etdirmişdir.
1925-ci ilin yanvarında ali texniki təhsillə vətəninə qayıdan gənc mütəxəssiz V. I. Lenin adına Bakı Toxuculuq Kombinatında əmək fəaliyyətinə başladı. Bir müddətdən sonra Gəncəyə mahud fabrikinə dəyişildi. Çox keçmədən ona böyük etimad göstərərək 1930-cu ildə S. Orconikidze adına Gəncə Toxuculuq Kombinatına direktor müavini təyin etdilər.
Teymur bəy istər Bakıda, istərsə də Gəncədə olduğu dövrlərdə Azərbaycandakı siyasi ab-hava onu heç açmırdı. Çünki həm yaşadığı şəhərlərdə də çalışdığı müəssisələrdə, həm də ümumiyyətlə, respublikanının rəhbər orqanlarında azərbaycanlı kadrlarına yox, qeyri millətlərin, xüsusilə də, ermənilərin işlədiyini görəndə heç şübhəsiz, mənsub olduğu xalqın alçaldıldığını və təhqir olunduğunu hiss edirdi. Teymur bəy yaxşı başa düşürdü ki, bu vəziyyət Milli məsələnin həllində partiya və hökumətin qeyri-düzgün siyasətinin nəticəsidir. Və bu hal artıq dözülməzdir. Ona görə də onda Sovet hakimiyyətinə qarşı get-gedə narazılıq yaranırdı. Üstəlik də, 1925-ci ildə eyni sahədə işlədiyi və yaxından dostluq etdiyi, müxtəlif vaxtlarda V. I. Lenin adına Toxuculuq Kombinantına, "Aztekstil" trestinəvə V.Voladarski adına fabrikə rəhbərlik etmiş Zeynal Tağıyevin barəsindəki söhbətləri hər ikisində mövcud quruluşa qarşı nifrət hissləri oyadırdı.
Bakıda yaradılmış əksinqilabı milli üsyançı təşkilatın üzvü olan Zeynal xidməti işi ilə əlaqədar tez-tez Gəncəyə gəlirdi. Hərdəfə də Teymur bəylə görüşür, ikilikdə Milli məsələləri, Azərbaycanın gələcək taleyi barədə söhbətlər edir, xalqın düçar olduğu problemləri aradan qaldırmaq üçün birlikdə çıxış yolu axtardılar. Bu çıxış yolunu da onlar mövcud quruluşun dəyişilməsində görürdülər. Əksər vaxt da fikirləri üst-üstə düşür və bu da hər ikisini siyasi cəhətdər bir-birinə daha da yaxınlaşdırdı. Elə siyasi baxışları ümumi olduğuna görə də Zeynal dostunu üzvü olduğu təşkilata cəlb etmək fikrinə düşmüşdü.
Zeynal Gəncəyə növbəti gəlişində bu barədə Teymur bəylə söhbət elədi, bir çox gizli mətləbləri ona açdı və bildirdi ki, Azərbaycanda yaranmış ciddi problemləri həll etmək üçün Bakıda artıq bir sıra tədbirlər planı hazırlanıb və Sovet hakimiyyətini devirmək üçün ciddi və sürətli hazırlıq işləri gedir. Bu işlərin həy ata keçirilməsi üçün yeni yaradılmış təşkilat xarici ölkələrdən, xüsusən də, Ingiltərədən kömək gözləyir. Təşkilatın əsas məqsədi Azərbaycanda Sovet hakimiyyətini devirmək, respublikanı SSRI-dən ayırmaq və milli-burjua dövləti yaratmaqdır. Bu məqsədlərə çatmaq üçünsə, ilk növbədə, əhali arasında əksinqilabı təbliğat və təşviqat işləri aparmaq, təşkilata yeni adamlar cəlb etmək, xalq təsərrüfatının bütün sahələrində ziyankarlıq törətmək, Sovet dövlətinin qüdrətini zəiflətmək, silahlı üsyan təşkil etmək və sair işlər lazımdır.
Zeynalın bu sözlərdən sonra qəlbində artıq cəmiyyətə qarşı nifrət toxumları cücərən Teymur bəy, nəhayət, 1927-ci ilin sonralarında əksinqilabı Milli üsyançı təşkilata üzv keçdi və dərhal da üzərinə vəzifələri yerinə yetirməyə başladı. Onun əsas işi Gəncə şəhər toxuculuq müəssislərinin mühəndis-texniki heyəti arasından Milli əhval-ruhiyyəli adamları təşkilata cəlb etmək idi. Tezliklə Teymur bəy Əmir Musabəyovu, Firuz Süleymanovu, Sərdar Əhmədovu, Bala bəy Bağırovu, Əhməd Şahnəzərovu, Rəhim Rəhimzadəni və başqalarını təşkilata cəlb edə bildi.
Fəaliyyət dairəsini genişləndirməq məqsədilə Teymur bəy Zeynalın köməkliyi ilə 1932-ci ildə S. Orconikidze adına Gəncə Toxuculuq Kombinantına direktor təyin olundu, eyni zamanda şəhər Sovetinin sədri seçildi. Əksinqilabi Milli üsyançı təşkilatın burdakı əsas üzvləri ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Gəncə şəhər Partiya Komitəsinin katibi Ibrahim Tağıyevlə, şəhər Sovetinin sədri Həmid Sultanovla və başqaları ilə daha yaxından tanış oldu, əlaqələrini möhkəmlətdi. Onlar tez-tez bir yerə yığışır, gördükləri işləri müzakirə edir, növbəti planlar hazırlayırdılar. 1937-ci ilin yayında Teymur bəy Bakıya-yenidən yaradılmıq Azərbaycan Xalq Yüngül Sənayə Komissarlığının Toxuculuq idarəsinə mühəndis vəzifəsinə dəyişildi və çox çəkmədən idarə rəisi vəzifəsinə keçirildi. Həmin vaxtdan da o, əksinqilabi milli üsyançı təşkilatın əsas rəhbərlərindən olan Azərbaycan Xalq Yerli Sənaye komissarı Hüseynbala Ağaverdiyevlə, komissarlığın plan-maliyə şöbəsinin rəisi Ələkbər Haqverdiyevlə, V.Volodarski adına tikiş fabrikinin direktoru Zeynal Hacıyevlə, toxuculuq idarəsinin rəisi Muxtar Mirzəyevlə birlikdə əksinqilabi işlərin miqyasını daha da genişləndirir, son məqsədə çatmaq üçün bütün qüvvələri səfərbər etməkdə fəal iştirak edirdi.
Lakin 1937-ci ildə Milli üsyançı əksinqilabi təşkilatın sonuncu rəhbər heyətinin üzvlərinin, xüsusən də, Hüseynbala Ağaverdiyevin və Muxtar Mirzəyevin həbst digər üzvlər arasında bir çaşqınlıq, ümidsizlik yaratdı. Bu da əksinqilabi işdə öz əksini taparaq mübarizəni xeyli zəiflətdi. Bu vəziyyət isə işi yenidən canlandırmaq üçün qəti tədbirlər görməyi tələb edirdi. Bununla əlaqədar Teymur bəylə, il növbədə, V.Volodarski adına fabrikin keçmiş direktoru Zeynal Hacıyevlə görüşüb, həbsdən kənarda qalan təşkilat üzvlərini bir yerə toplamaq üçün yeni mərkəzin yaradılması ideyasını irəli sürdü və mərkəzə rəhbərlik etməyi ondan xahiş elədi. Zeynal bu işi məmnuniyyətlə boynuna götürdü və beləliklə də, Bakıda əksinqilabi işlər yenidən öz məcrasına düşdü. Və elə bu vaxt Teymur bəy Moskvaya ezamiyyətə göndərildi…
Teymur bəy Aslanovun istintaqı davam edirdi. Müstəntiq Babenko nə qədər çalışırdısa, ondan bir kəlmə də söz ala bilmirdi. Teymur bəy dəfələrlə dindirildi, şahidlərə üzləşdirildi, yenə də nəticəsi olmadı. Əlacı kəsilən müstəntiq Teymur bəy haqqında verilmiş yazılı ifadələri ona göstərib qəzəblə:-Bəs bunlara nə deyirsən, bunlardamı yalandır? Öz əməl dostların yazıblar. Götür, özün oxu!-deyə vərəqləri onun qarşısına atdı. Teymur bəy ifadələrin müəlliflərinin ad-familiyalarını görəndə gözlərinə inanmadı, ürəyində "nankorlar, satqınlar, çörəkləri dizinin üstündə olan alçaqlar!.." deyə onları söydü, amma Babenkonunun yanında özünü o yerə qoymadı…
Zeynal Tağiyevin ifadələrindən: Teymur bəy Aslanovu 1925-ci ildən-Bakıda Toxuculuq Kombinamında birgə işlədiyimiz vaxtdan tanıyıram. O, Gəncədə Azərbaycan üzvü və eyni zamanda Milli üsyançı əksinqilabi təşkilatın dəstə rəhbəri olmuşdu. Teymur bəy Bakıdan-məndən vaxtaşırı operativ göstərişlər alır, onları həyata keçirəndən sonra hesabat verirdi. Bir sözlə, o, Gəncə Toxuculuq Kombinantında əksinqilabi işlərin başında durur, istər ziyankarlıq, istərsə də təşkilata yeni üzvlərin cəlb edilməsi sahəsində praktiki iş aparırdı. O, kombinatı dağıdır və orda geniş vüsət alan Smaxanov hərakatına hər cür Mane olurdu. Teymur bəy Gəncədə üsyançılıq hərəkatının hazırlamasında iştirak edir və toxuculuq sənayesi sahəsində pozuculuq işləri aparırdı. Hətta bir dəfə mən şəxsən ona 10 min manat pul vermişdim ki, ziyankarlıq işləri aparmaq üçün Gəncə Toxuculuq Kombinatının tikintisində işləyən əksinqilabi əhval-ruhiyyəli rus mühəndislərinə paylasın.
Onu da qeyd etmək istəyirəm ki, Teymur bəy Aslanov xariclə də, yəni, Parisdə Əlimərdan bəy Topcubaşov və Ceyhun bəy Hacıbəyovla, Istanbulda isə Məhəmməd Əmin Rəsulzadə və Xosrov bəy Sultanovla əlaqə saxlayır, onlardan müəyyən tapşırıqlar alırdı. Bir də ki, o, 1925-ci ildə Berlində Milbax tərəfindən agentliyə cəlb olunmuş, qayıdandan sonra isə alman kəşfiyyatının rezidenti işləmiş Elza Seyidzadə ilə (sonralar o, Almaniyaya mühacirət etmişdi-V.Q) sıx əlaqə yaratmışdı. Teymur bəy ona Azərbaycanın yüngül sənayesinin və enerji bazasının inkişafı haqqında, fəhlələrin və ziyalıların əhval-ruhiyyələri barəsində casusluq məlumatları verirdi. Alman kəşfiyyatının agenti kimi o, Bəhram Hüseynzadəni, Firudun Əliyevi, Rəhim Rəhimzadəni, Əhməd Şahnəzərovu casusluqa cəlb etmişdi. Bütün bunları o, 1934-cü ildə də şəxsən özü mənə danışıb…
Firuz Süleymanovun ifadələrindən: Teymur bəy Aslanov 1936-cı ilin ya iyul, ya da avqust ayında məni kabinetinə çağırdı. Otaqda ancaq ikimiz idik. O, məni qorxudaraq dedi ki, guya, Inayət Rəfiyev adlı bir nəfər ona məlumat verib ki, mən əksinqilabi milli üsyançı təşkilatın üzvüyəm. Bu sözlərdən bərk tutuldum. O məni sakitləşdirdi. Dedi ki, heç pərt olmağa dəyməz, arxayın ol, mən səni qorxutmaq ya da satmaq üçün bura dəvət eləməmişəm. Yaxından tanış olmaq məqsədilə səni çağırmışam. Mən özüm də həmin təşkilatın üzvüyəm. Sənin də, mənim də manefələrimiz və maraqlarımız eynidir. Və çox sözlər deyəndən məni üsyançı təşkilata cəlb etdi və dərhal da müxtəlif əksinqilabi tapşırıqlar verməyə başladı…
Məhkəmə Teymur bəy şahidlərin yalan ifadə verdiklərini və ona böhtan atdıqlarını bildirərək yenə də heç nəyi boynuna almadı. Oda müstəntiq şahidləri gətirdi və onları üzləşdirdi. Teymur bəy vaxtilə can bir qəlbdə olan və indii isə "cəhənnəmə getməyə özlərinə yoldaş axtaran" köhnə "dostları"nı görəndə nifrətlə onları süzüb, susmağa üstünlük verdi.
Müstəntiq Babenko yaxşı bilirdi ki, şahidlərin söylədikləri faktların yoxlanılması və sənədləşdirilməsi üstündən çox vaxt keçdiyinə görə mümkün deyil. O, işini tez başa çatdırmaq üçün yalnız istintaq işində olan materiallarla və şahidlərin ifadələri ilə kifayətləndi. Ancaq Teymur bəyin qəti etirazından sonra Babenko istintaq müddətinin uzadılması barədə qərar çıxararaq bu barədə SSRI Ali Soveti Rəyasət Heyətinin qarşısında məsələ qaldırdı və istintaqın iki ay uzadılmasına xahiş etdi.
Lakin işi başa çatdırmağ bu iki ay da bəs eləmədi.
Teymur bəy Aslanov və toxuculuq sənayesinin digər işçiləri-Rəhim Rəhimzadə, Zeynal Tağıyev, Ələkbər Şahbazov, Ismayıl Xanlarov, Zeynal Hacıyev, Cəlil Vəzirov, Qədim Qədimbəyov, Isgəndər Məmmədov, Şahid Hüseynov, Əli bəy Qulubəyov artıq il yarım idi ki, Azərbaycan Xalq Daxili Işlər Komissarlığının daxili həbsxanasında "çürüyür"dülər. Nəhayət, 1939-cu il oktyabrın 29-da bu on bir nəfər barədə son ittihamnamə tərtib olunub, baxılmaq üçün Zaqafqaziya Hərbi Dairəsinin hərbi tribunalına göndərildi. Dekabrın 3-də Tiflisdə hərbi tribunalın hazırlıq iclasında ittihamnamələr yenidəe nəzərədən keçirildi və onlara verilən cəza tədbirləri dəyişilməz olaraq qaldı. Dekabrın 27-də Bakıda Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalarının səyyar sessiyası tərəfindən keçirilən qapalı məhkəmə iclasına işə təkrar baxıldı. Məhkəmədə Zeynal Tağıyevdən və Firuz Süleymanovdan başqa, heç kəs özünü müqəssir saymadı və onların hamısına müxtəlif müddətə iş kəsildi. Teymur bəy Aslanov da 1939-cu il dekabrın 28-də verilən məhkəmə qərarına görə əksinqilabi Milli üsyançı təşkilatın üzvü kimi 12 il müddətinə azaldıqdan məhrum edildi və Qazaxıstanın Karaqanda vilayətinin Cezkazqan şəhərinə sürgünə göndərildi. Və üstəlik, belə bir qərar da çıxarıldı ki, cəza müddəti bitəndən sonra o, yalnız Blxaş şəhərinə yaşaya bilər…"