Averroes

İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes[2] 14 aprel 1126[1], Kordova, Mürabitlər dövləti[1]10 dekabr 1198[1], Mərrakeş[d], Müvəhhidlər dövləti[d][1]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur.

İbn Rüşd
ərəb. ابن رُشد
Doğum adı أبو الوليد محمد بن أحمد بن محمد بن رشد
Doğum tarixi 14 aprel 1126[1]
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1198[1] (72 yaşında)
Vəfat yeri
  • Mərrakeş[d], Müvəhhidlər dövləti[d][1]
Elm sahələri islam fəlsəfəsi, astronomiya, əqidə, fiqh, tibb, dilçilik, riyaziyyat, kəlam, coğrafiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
border=none Əsas məqalə: Averroizm
Rafaelin Afina məktəbi freskasında İbn Rüşd

Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır.[3]

Dinlə fəlsəfənin uyğunlaşdırılması

[redaktə | mənbəni redaktə et]

İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir.[4] O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir".[5] Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.[6] Problemlə əlaqədar qələmə aldığı "Fəsl əl-məqal və təqrir fi ma beynə əş-şəriət və əl-hikmə min əl-ittisal" (Şəriətin (dinin) və hikmət (fəlsəfə) arasında əlaqənin müəyyənləşdirilməsinə dair son söz)" adlı kitabda fəlsəfə ilə məşğul olmağa dinin necə münasibət bəslədiyini araşdırır.

İbn Rüşdə görə, fəlsəfənin məqsədi varlıqlar haqqında mühakimə yürütmək, onları Allahın mövcudluğunun dəlilləri kimi öyrənməkdir.[7] İbn Rüşd problemi bu cür qoyur: əgər fəlsəfənin məqsədi Allahın mövcudluğunu sübut etməkdirsə, onda din fəlsəfə ilə məşğul olmağa icazə verirmi? Onun bu problemlə əlaqədar qələmə aldığı və yuxarıda adını çəkdiyimiz kitab aşağıdakı sualın verilməsi ilə başlanır: "Doğrusu, deyəcəyimiz sözlərin məqsədi fəlsəfə və məntiqlə məşğul olmanın şəriət baxımından icazəli olub-olmadığını yoxlamaqdır". Dinin də varlıqları öyrəndiyini deyən filosof fəlsəfə ilə məşğul olmanın dinə görə vacib və ya caiz (icazəli) olduğunu bildirir.[8] O, Quran ayələrinə istinad etməklə iddiasını isbatlamaq fikrindədir; "əl-Həşr" surəsindəki "e`tibar" (ibrət almaq, qiymətləndirmək), "əl-Ə`raf" və "əl-Casiyə" surələrindəki "nəzər" (baxmaq, görmək, düşünmək, dərk etmək, mühakimə etmək) sözlərinin rasional mühakimə məfhumunu ifadə etdiyini[9] göstərən filosof bildirirdi ki, din ya ağıl, ya da həm ağıl, həm də vəhyi bilik vasitəsilə varlıqları dərkə çağırır. Bu isə öz növbəsində məntiqi analogiya ilə lazımi biliyin kəsbinə zəmin hazırlayır.[10] Filosofun qənaətinə görə, varlıqlar haqqında məlumat əqli üsullarla öz təsdiqini tapanda Allaha dair biliklər çoxalır. İbn Rüşd varlıqlar haqqında bilikləri Allaha dair bliklərlə bu şəkildə əlaqələndirməklə fəlsəfənin din tərəfindən təsdiqlənməsinə dair əsaslı arqument təqdim etmiş olurdu. Bu, "dərk olunan vasitəsilə dərk olunmayanların aşkara çıxarılması" ideyasının özü idi. İbn Rüşd məntiqi analogiyanı bu ideyanın əsas elementi olaraq göstərmişdir.[11]

Beləliklə o, analogiya əsaslı fəlsəfənin dində təsdiqini axtarır. Həmçinin İbn Rüşd məntiqi analogiya metodunu şəriətə görə əsaslandırmaq haqqında düşünür və bildirir ki, din insanları düşünməyə çağırdığı üçün varlıq aləminin məntiqi analogiya üsulu ilə dərki bir zərurətdir. Bu səbəbdən analogiyanın ən bitkin formasına müraciət etmək lazım gəlir ki, buna da məntiq elmində "bürhan" deyilir. İbn Rüşd fiqhi qiyas və filosofların bürhan üsulunu Allahı dərkdə ekvivalent vasitələr kimi nəzərdən keçmiş və bildirmişdir ki, Qurandakı "təfəqqüh" sözünə istinadən fiqhi qiyasdan istifadə edən fəqihlər kimi, filosoflar da Qurandakı "etibar" sözünə söykənərək rasional qiyasa – bürhana müraciət edə bilərlər. O, məntiqi qiyasla fiqhi qiyas arasında müqayisə apararaq demişdi: "Heç kim əvvəllər yox idi deyə əqli qiyası bidət saya bilməz. Fiqhi qiyas və növləri də sonralar meydana çıxmışdır. Ancaq nədənsə heç kim onu bidət hesab etmir. Bu səbəbdən əqli qiyası da qəbul etmək lazımdır". Belə nəticəyə gəlirik ki, İbn Rüşdün yaradıcılığında fiqhi qiyasla fəlsəfi qiyas eyni məfh umlar olaraq nəzərdən keçirilmiş, fəlsəfə ilə məşğul olmağa din nöqteyi-nəzərindən haqq qazandırılmışdır.[12]

Analogiyanın əhəmiyyəti haqqında

[redaktə | mənbəni redaktə et]

Müsəlmanlar fəlsəfi qiyasdan (analogiya ilə hökm vermək) da istifadə etməlidirlər. Belə ki, əgər fəqih fiqhi qiyas əsasında lazımi nəticəyə gələ bilmirsə, filosofun da məntiqi qiyasla əlaqədar olaraq əvvəlki biliklərə müraciət etməsi təbii qəbul edilməlidir. Həmçinin İbn Rüşd biliklərin kəsilməzlik nəticəsində tamlıq kəsb etdiyini bildirməklə yunan filosoflarını müdafiə etmiş, fəlsəfi biliyə haqq qazandırmışdır. O iddia edirdi ki, biliklərin əldə edilməsi və təfəkkürün inkişafında kəsilməzlik əhəmiyyətli rol oynayır. Biliklərin tamlığı və obyektivliyi üçün əvvəlki nəsillərin irsinə müraciət etmək fərdi zəhmət əsasında (təkbaşına) bilik qazanmaqdan daha münasibdir. Elə isə əvvəlki nəsillərin həqiqətlə əlaqəli mədəni irsindən istifadə etmək lazımdır. Həqiqətə dair biliklərin öyrənilməsi və inkişaf etdirilməsinin zəruriliyinə toxunan İbn Rüşd bu səbəbdən həqiqəti axtaranların dini mənsubiyyətinin ikinci dərəcəli məsələ olduğunu deyərək, əsas diqqəti kəsb edilən biliklərin mühümlüyünə vermişdir. Bu yerdə o, qurbanlıq heyvanın kəsilməsində istifadə edilən kəsici alətin kimlər tərəfindən düzəldilməsinin şəriət nöqteyi-nəzərindən heç bir əhəmiyyət daşımadığını misal gətirərək, həqiqətə dair biliklərin (fəlsəfi biliklərin) qeyri-müsəlmanlar (yunanlar) tərəfindən "istehsal" olunmasında heç bir problemin olmadığını iddia etmişdir. Amma İbn Rüşd yunan filosoflarının yaradıcılığının bütövlükdə – kortəbii şəkildə mənimsənilməsinin tərəfdarı deyildir: "Əgər onların (yunan filosoflarının – M. E.) dediklərinin hamısı doğrudursa, bunları onlardan qəbul edərik. Yox, əgər dediklərində doğru olmayan şeylər varsa, onda diqqətli olarıq". Göründüyü kimi, İbn Rüşdün yaradıcılığında fəlsəfi bilik mütləq bilik olaraq nəzərdən keçirilmir; halbuki vəhyi bilik (Quran) həqiqəti bütövlükdə əks etdirir. Dinlə müqayisədə fəlsəfəyə nisbi status kəsb etdirən İbn Rüşd digər həmkarlarından, xüsusən Farabidən fərqlənmişdir.[13]

Colliget

Fəlsəfə tarixinə münasibət

[redaktə | mənbəni redaktə et]

İbn Rüşdə görə, əvvəlki nəsillərin mədəni irsini araşdırmaq din nöqteyi-nəzərindən zəruridir.[14] Çünki din və fəlsəfənin məqsədi birdir: "Biz, müsəlmanlar qəti surətdə bilirik ki, bürhana (dəlil-sübuta) əsaslanan araşdırma şəriətin gətirdiyi təlimlərə zidd deyildir. Axı həqiqət həqiqətlə ziddiyyət təşkil etmir, əksinə, (bir-birinə) uyğun olub, biri digərinin mövcudluğunu göstərir" (72, 75); elə isə fəlsəfənin öyrənilməsini qadağan edən şəxs "…şəriətin xalqı Allahı dərk etməyə çağırdığı qapıdan insanları qaytarmış olur ki, bu da cəhalətin zirvəsi, Allahdan uzaqlaşmanın son həddidir."[14] İbn Rüşd özünəməxsus bacarıqla fəlsəfəni müdafiə etsə də, yunan filosoflarının dinə münasibəti politeist səciyyə daşıyır, islam monoteizmi ilə üst-üstə düşmürdü. Buna baxmayaraq, o, bu məsələyə də dinin mövqeyi baxımından münasibət bildirmişdi; xarakterdəki çatışmazlıqlar, problemin səhv şəkildə araşdırılması, subyektiv ideyalar, yol göstərən ustadın – müəllimin olmamağı səbəbindən bir filosofun yanılması fəlsəfənin nöqsanlı bilik olmağından deyil, fərdi yanaşmalardakı qüsurlardan irəli gəlir. Deməli, nöqsan öyrəniləndə deyil, öyrənəndədir.[14] Bu münasibətlə İbn Rüşd bal yemənin ishalı yaxşılaşdıracağını demiş Peyğəmbərin, balı yedikdən sonra qardaşındakı ishalın daha da ağırlaşdığını ona irad tutmuş şəxsə verdiyi cavabı misal gətirir: "Allah doğru buyurur, qardaşının qarnı isə yalan deyir". O, aşağıdakı məntiqi sualı verməklə iddiasını əsaslandırmağa cəhd göstərir: "…susuzluqdan yanan insanları soyuq su içərkən ölmüş şəxsə görə sudan məhrum etmək doğru hərəkətdirmi?"[15] Həmçinin İbn Rüşd göstərmişdir ki, səhvə yol vermiş bir fəqihə görə kimsə fiqh elmini nöqsanlı hesab etmir. Elə isə bir filosofun səhvi nəyə görə fəlsəfədəki nöqsan kimi təqdim edilməlidir?!

Həqiqət haqqında

[redaktə | mənbəni redaktə et]

Beləliklə, İbn Rüşd fəlsəfə öyrənməyin vacibliyini dini baxımdan əsaslandıra bilmişdir. Həmçinin İbn Rüşd dinlə fəlsəfə arasında zahirən ziddiyyətlərin olduğunu isbatlamağa cəhd göstərmişdir. Tək həqiqət ideyasından çıxış edən filosof izah edirdi ki, fəlsəfi biliklərlə vəhyi biliklər arasındakı fərqlər həqiqəti ifadədə istifadə edilən vasitələrin müxtəlifliyi ilə əlaqədardır. Din və fəlsəfə tək həqiqəti ifadə etsələr də, həqiqəti izah və dərkdə əqli səviyyələrin müxtəlifl iyi onların arasında fərqlərin yaranmasına səbəb olur. Problemi həll etmək məqsədilə İbn Rüşd vəhylə ağlın müqayisəsini aparır. İnsan ağlının həqiqəti müxtəlif üsullarla qavradığını deyən filosof fəlsəfəni həmin üsullardan biri hesab edir, Quranın da bunu təsdiqlədiyini bildirir. İbn Rüşd yaradıcılığında insanlar düşünmə və dərketmə baxımından üç qrupa bölünür: a) rasional dəlillərdən (bürhan) istifadə etməklə həqiqətə can atanlar; b) dialektik təfəkkür (cədəl) əsasında həqiqəti öyrənənlər; c) başqalarından dinləmə yolu ilə bilik əldə edənlər. Quranın "İnsanları hikmətlə (tutarlı dəlillərlə), gözəl öyüd-nəsihətlə rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et" ayəsini misal gətirən İbn Rüşd yuxarıdakı qruplaşdırmanı dini 145 mətnlərlə əsaslandırmağa çalışır. Ümumi götürdükdə, İbn Rüşdün əsərlərində ağılla müqayisədə vəhyə üstünlük tanınır. Ağıl bürhana – rasional dəlillərə əsaslanır, vəhy isə, ayədən də göründüyü kimi, ağıla, xəyala və hisslərə müraciət edir. Deməli, Quran həqiqətin insanlara rasional dəlillərlə – hikmətlə (fəlsəfə) çatdırılmasını təsdiqləyir. İbn Rüşd Məhəmməd peyğəmbərin bütün bəşəriyyətə göndərilməsi faktını misal gətirməklə iddialarını sağlam əsaslar üzərinə qaldırmağı düşünür; madam ki Peyğəmbər hər kəsi həqiqətlə tanış etmək üçün göndərilib, elə isə onun qoyduğu qayda-qanunlar (şəriət) Allaha (həqiqətə) aparan bütün yolları, vasitələri əhatə edir. "…şəriətin məqsədi həqiqətə dair bilikləri öyrətməkdir. Öyrətmək isə … təsəvvür və iqrarla mümkündür. Əgər şəriətin əsas məqsədi (həqiqətə dair bilikləri) hər kəsə öyrətməkdirsə, onda o, bütün təsəvvür və təsdiq vasitələrini ehtiva etməlidir" – deyən İbn Rüşd dinlə fəlsəfənin bir-birinə zidd olmadığını bir daha sübuta yetirmiş olur.[16]

Mətnlərin yorumlanması haqqında

[redaktə | mənbəni redaktə et]

İbn Rüşdün fəlsəfəni müdafiə edən mövqeyi onun tə`vil (yorum) təlimində də hiss olunur. İbn Rüşd belə bir müddəa ilə çıxış edir ki, əqidə məsələlərindən bəhs edən bəzi dini mətnlərin yozulması din və fəlsəfənin "razılaşmadığı" mövzularda vəhylə zəkanın "həmrəyliy"ini təmin edə bilər. Həmçinin tə`vil təlimi "kütlə" və "seçilmişlər" təsnifində filosoflar sinfi nə imtiyaz tanımaq məqsədi daşıyırdı. İbn Rüşdün əsərlərində dinin fəlsəfi məsələlərə münasibəti aşağıdakı şəkildə təsvir olunub: – elə fəlsəfi məsələlər vardır ki, dində bu barədə heç nə deyilmir; – bəzi məsələlərdə dinin mövqeyi fəlsəfənin mövqeyi ilə üst-üstə düşür; – dini mətnlər və fəlsəfi təlimlər bir sıra məsələlərdə fərqli mövqelərdən çıxış edir.[17]

Əgər şəriətdə bu və ya digər məsələ haqqında heç nə deyilməyibsə, onda fəlsəfi biliklərə müraciət olunmalıdır. İbn Rüşd bu yerdə hüquqşünasların fiqhi müqayisə (qiyas) əsasında biliklər təsis etdiyini, yəni ictihadı misal göstərərək, fəlsəfi üsullarla da eyni şeyi etməyin mümkünlüyünü qeyd edir.[17] Əgər din və fəlsəfə hər hansı məsələdə eyni mövqedən çıxış edirlərsə, bu onların tək həqiqəti ifadə etdiklərini göstərir. Müəyyən mövzularda dinlə fəlsəfənin əksliyinə gəlincə, İbn Rüşd təvil təliminə söykənərək "eyni ananın iki südəmər qızı"nı (72, 115) ortaq məxrəcə gətirir. Filosofa görə, "…hər hansı bir məsələdə dini biliklər və bürhanın (rasional dəlillərin) gəldiyi nəticələr bir-birinə zidd olduqda …tək çıxış yolu dini biliklərin yozulmasıdır" (81, XX, 260). İbn Rüşd müsəlman hüquqşünaslarının ayələri yozmalarını dəlil göstərərək qeyd edir ki, filosoflar da bunu etmək hüququna sahibdir.[17] Amma təvil mürəkkəb əməliyyat olduğu üçün ərəb dilinin qrammatik qayda-qanunlarına dərindən bələd olmağı, bu və ya digər sözün, cümlənin zahiri mənasını metaforik üsullarla dəyişdirməyi tələb edir (72, 76), deməli, onunla ancaq "seçilmişlər" – filosoflar məşğul ola bilərlər.

İbn Rüşd həqiqət haqqında biliklərin rasional dəlillərə (bürhan) – hikmətə, zənn və təxminə – dialektikaya (cədəl), təxəyyülə – ritorikaya (moizə) əsasən kəsb edildiyini iddia etdiyi üçün Quran ayələrinin yozulmasını təxəyyül və zəndən rasionallığa keçid hesab edirdi. Bununla belə, o, Allaha, axirət və peyğəmbərliyə dair ayələrin yozulmasının yolverilməz olduğunu deyirdi.[18] Digər ayələrə gəlincə, onları yozarkən ərəb dilinə bilmə dərəcəsi, xalqın şüur səviyyəsi nəzərə alınmalıdır. Sual yaranır ki, əgər yozulmasını şəriətin qadağan etdiyi və dinin əqidə ehkamları ilə əlaqəli ayələrin məzmunu fəlsəfi müddəalara əks olarsa, nə etmək lazımdır? Bir-birinə zidd iki həqiqət mövcuddurmu? Misirli tədqiqatçı Zeynəb Mahmud əl-Xüzeyri problemi bu cür qoyur: İbn Rüşd Aristotelin fəlsəfi təlimini dini mətnlərlə müqayisədə "müqəddəs" mənbə hesab edirdimi; Aristotel fəlsəfəsi və dini mətnləri bir-biri ilə əvəz etmək mümkündürmü? Tədqiqatçı göstərir ki, fəlsəfə və din həqiqətin ifadə vasitələri olsa da, onun özü deyildir. Deməli, problemin bu cür qoyuluşu səhvdir. İbn Rüşd Aristotel fəlsəfəsindən təsirlənsə də, bu fəlsəfənin bəzi məsələlərinə etiraz etmişdir. "Fəsl əl-məqal" adlanan əsərindəki sətirlər onun Aristotel və yunan fəlsəfəsinə münasibətini əks etdirir: "Onlardan (yunan filosoflarından – M. E.) bizə gəlib çatmış biliklərin saf-çürük edilməsinə etinasız yanaşmaq ağılsızlıqdır. Odur ki bu (fəlsəfi) irsi qiymətləndirməli, şəriətin əsaslarına zidd olmayan tərəflərini əxz etməliyik."[19]

Bu sətirlərdən o nəticəni çıxara bilərik ki, dinə zidd fəlsəfi biliklərə etimad göstərmək olmaz. İbn Rüşd Qurandakı "mütəşabeh" (çətin anlaşılan, dəqiq mənası bilinməyən) və "möhkəm" (mənası aydın, hökmü bəlli) ayə tiplərini başa düşmək baxımından insanları iki qrupa ayırır. Belə ki adi insanlar şərh edilməsi mümkün ayələri yozmamalı, elm əhlinin tə`vil (yozma) əsasında gəldiyi nəticələrin zahiri tərəfinə fikir verməlidirlər. Yozulması mümkün ayələri yalnız bürhan sahibləri – filosoflar təvil edə bilərlər. Filosoflar da öz növbəsində tə`vil etdikləri ayələrin gizli məzmununu xalq kütlələrinə (avam camaata) açıqlamaqdan çəkinməlidirlər[20]. Deməli, Quran geniş kütləyə, fəlsəfə isə seçilmişlərə xitab edir. Belə başa düşürük ki, İbn Rüşd insanları "seçilmişlər" və "kütlələr"ə ayırmaqla din və fəlsəfə arasında uyğunluq yaratmağı məqsəd güdmüşdür.

Din və fəlsəfə arasında uyğunluq yaratmaq istiqamətində İbn Rüşdün atdığı qətiyyətli addımlar xristian Qərbində əks-səda yaratmış, Kilsə ehkamları və bu ehkamları müdafiə edən sxolastika ilə mübarizə aparan latın rüşdçülüyünün formalaşmasına səbəb olmuşdu. Nəticə etibarilə, Qərbdə meydana çıxan "ikili həqiqət" ideyası səhvən bu müsəlman filosofu ilə əlaqələndirilmişdi. Qeyd olunmalıdır ki, XIX–XX əsr tədqiqatçılarının əsərlərində "ikili həqiqət" ideyasının banisi kimi İbn Rüşd göstərilir. Bəzi tədqiqatçılar (İsmət Birkan və s.) "ikili həqiqət" ideyasını Kilsənin həm İbn Rüşdə, həm də qərbli averroistlərə qarşı irəli sürdüyü "ən böyük ittiham" kimi xarakterizə edir, onu Kilsənin "bütün dünyaya hökmranlıq" arzusunu puça çıxaran, Kilsəni mənəvi-əxlaqi təsisata çevirən "qorxu" olaraq nəzərdən keçirirlər (47, 62); bu nöqteyi-nəzərə görə, "ikili həqiqət" Kilsənin nəzərində "dəhşətli şey" idi. Əslində, "ikili həqiqət" ideyasını dinlə fəlsəfənin əksliyi probleminin həlli istiqamətində atılmış səhv addım hesab etmək mümkündür.

İbn Rüşd — Rafaelin "Afina məktəbi" əsərindən fraqment (1511)

Misirli tədqiqatçı Zeynəb Mahmud əl-Xüzeyri yazır: "İbn Rüşdün din və fəlsəfə arasında uyğunluq tapmaq probleminə həsr edilmiş fəlsəfi təliminin tədqiq edilməsi nəticəsində yaranan mənzərə budur ki, o, dini və fəlsəfi təzahür formalarına sahib tək həqiqət ideyasına inanırdı" (166, 134). İbn Rüşdün sözügedən ideyanın müəllifi olmadığını iddia edən tədqiqatçılar da (Henri Korben, E. Renan və s.) vardır. Biz də belə hesab edirik ki, İbn Rüşd ikili həqiqət ideyasının müəllifi deyildir. İddiamızı əsaslandırmaq üçün əvvəlcə ikili həqiqətin nə olduğunu izah etməliyik. İkili həqiqət fəlsəfə və ilahiyyat həqiqətlərinin qarşılıqlı surətdə bir-birindən asılı olmaması barədə Orta əsrlərdə meydana çıxmış ideyadır (3, 177). Geniş mənada, ikili həqiqət bu və ya digər məsələ ətrafında fəlsəfənin gəldiyi nəticələrin mötəbərliyi ilə yanaşı, dinin də həmin məsələ haqqında təqdim etdiyi müddəaların düzgünlüyünü qəbul etmək, "Allahın kəlamını Aristotelin ideyaları ilə eyniləşdirmək"dir (47, 62). Göstərmişdik ki, İbn Rüşd yaradıcılığında din və fəlsəfə vahid həqiqəti ifadə edən ayrı-ayrı sahələr kimi nəzərdən keçirilir. Bununla əlaqədar olaraq problemi aşağıdakı kimi qoymaq olar: İbn Rüşd tərəfindən din və fəlsəfənin həqiqəti ifadə edən ayrı-ayrı sahələr kimi nəzərdən keçirilməsi iki həqiqətin mövcudluğu mənasına gəlirmi; əgər həqiqət ikidirsə, onda onlar bir-birinin eyni, yoxsa əksidir; əgər bir-birinin əksidirsə, onda iki ziddiyyət tək həqiqəti necə ifadə edə bilər; yox, bir-birinin eynidirsə, nə üçün fərqli formalarda təzahür edir? Bu sualları haqlı iradın ifadəsi hesab etməklə yanaşı, onları cavablandırmamaq hüququna sahib olduğumuzu bildiririk. Çünki İbn Rüşdün fəlsəfi əsərlərində bu sualları doğuracaq nüanslar mövcud deyildir; İbn Rüşd fəlsəfə və dini eyni həqiqətin ifadə vasitələri hesab etmiş, bu vasitələrlə kəsb edilən biliklərin bir-biri ilə ziddiyyət təşkil etmədiyini göstərməklə "Həqiqət həqiqətə əks deyildir" nəticəsinə gəlmişdir (72, 75).

İbn Rüşd tibbə aid "Külliyyat" adlı ensiklopedik əsər yazmiş, sonralar bu əsər Latın dilinə tərcümə edilərək (Colliget) uzun müddət Orta əsrlər Avropa universitetlərində tədris olunmuşdur. Bundan əlavə ibn Rüşd antik dövr yunan təbibi Qalenin əsərlərindən ibarət müntəxabat hazırlamış və İbn Sinanın "Qanun fit-tibb" (Təbabət qanunları) əsərinə şərh yazmışdır.

Fəlsəfə sahəsində İbn Rüşd AristotelPlatonun əsərlərinə dəyərli elmi şərhlər vermişdir. Öz əsərlərinə gəldikdə ən mühüm fəlsəfi əsəri olan "Təhafütü't Təhafüt"ü (Təkzibi təkzibetmə) Əl-Qəzəlinin Aristotel fəlsəfi məktəbinin tənqidinə cavab olaraq yazmışdır. Belə ki, Əl-Qəzəli özünün "Təhəfüt əl-Fəlsəfə" (Fəlsəfəni tənqid) əsərində Aristotel fəlsəfəsinin, xüsusilə İbn Sinanın Aristotelə verdiyi şərhlərin İslam fəlsəfəsinə zidd olduğunu iddia edirdi. İbn Rüşdün digər əsərləri "Fəsl əl-Məqəl" və "Kitab əl-kəşf"dir. Birincidə İbn Rüşd fəlsəfi araşdırmaların İslam qanunları çərçivəsində mümkün olduğunu sübut edir. Məntiq və metafizikaya dair əsərləri isə günümüzədək gəlib çıxmamışdır.

İbn Rüşd Aristotel fəlsəfi sistemini İslamla uzlaşdırmağa çalışırdı. İbn Rüşdə görə din və fəlsəfə (elm) arasında heç bir ziddiyət yoxdur, əksinə bunlar eyni və vahid olan həqiqətə müxtəlif yanaşmalardır. O, kainatın sonsuzluğuna inanırdı və ruh anlayışını "fərdi" və "ilahi" olmaqla iki qrupa ayırırdı. İbn Rüşd "Həqiqət təlimi" anlayışını da iki kateqoriyaya ayırırdı: Dinə və imana əsaslanan həqiqət təlimi və fəlsəfəyə, elmə əsaslanan həqqiqət təlimi.

İbn Rüşd Qərbdə Aristotel fəlsəfəsini Avropaya təqdim etməsi səbəbindən hörmətlə anılır. Belə ki, 1150-ci ildən əvvəl Avropada Aristotelin latın dilinə yalnız bir neçə tərcümə olunmuş əsəri məlum idi. Yalnız İbn Rüşdün Aristotelin əsərlərinə verdiyi şərhlərin XII əsrdən etibarən tərcümə edilməsi ilə Orta Əsrlər Avropası bu əsərlərlə tanış ola bildi. Əsərlərinin yəhudi dilinə tərcümələri yəhudi fəlsəfi dünyagörüşünə və eyni zamanda İslam fəlsəfəsinə də əhəmiyyətli təsir göstərmişdir. O, "Fəsl əl-Məqəl" (Yekun traktat) əsərində Quranın təhlilində əsas meyar kimi müxtəlif mənbələrdən gələn hədislərdən çox, analitik yanaşmaya üstünlük verilməsi təklifini irəli sürürdü. Bu əsərdə dini fəlsəfədən ayırmaqla İbn Rüşd müasir Qərbdə tətbiq olunan dini dövlətdən ayıran dünyəvilik prinsipinin ilk yaradıcısı sayılır. Platonun "Respublika"sına verdiyi şərh isə Orta Əsrlər Avropa fəlsəfəsinin əsas istinad etdiyi mənbə kimi istifadə olunurdu.

İbn Rüşd həmçinin Atlantik okeanının digər sahilində qurunun olması fikrini irəli sürən ilk alimlərdən biri sayılır.

  1. 1 2 3 4 5 6 7 8 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 188. ISBN 978-2-221-06888-5
  2. Аверроес // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 35.
  3. Korlaelçi Murtaza. İbn Rüşdə göre din-felsefe ilişkisi // Felsefe dünyası dergisi, 1994, № 11, s. 11.
  4. Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, s. 237.
  5. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 115.
  6. . İslam ansiklopedisi: 32 cilddə, İstanbul (Ankara): Türkiye Diyanet Vakfı, 1998–2009, XX, 259.
  7. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 64.
  8. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 63–64
  9. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 64–65.
  10. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 5.
  11. Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, s. 239.
  12. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 65–67.
  13. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 64–74.
  14. 1 2 3 İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 72.
  15. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 72–73.
  16. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 74–101.
  17. 1 2 3 İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 75–76.
  18. .زينب محمود الخضيري. أثر ابن رشد في فلسفة العصور الوسطى. القاهرة: دار الثقافة،1981 s. 127–128..
  19. .زينب محمود الخضيري. أثر ابن رشد في فلسفة العصور الوسطى. القاهرة: دار الثقافة،1981 s. 129.
  20. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 106–114.
  • Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslıq institutu. Bakı: İdrak, 2019, s. 138–134.
  • Məlikov Ələddin., İbn Rüşdün din fəlsəfəsi, Dini araşdırmaları jurnalı, Azərbaycan İlahiyyat İnstitutu, Bakı, 2018, № 1, səh.34–68.