Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara.
Buxara karvansarası | |
---|---|
40°19′ şm. e. 49°52′ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qüllə küçəsi, 2 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | restoran kimi fəaliyyət göstərir |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 78 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir.
1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur.
Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib. Şərq ölkələrindən gələn tacirlər müvəqqəti sığınacaqlara ehtiyac duyduqlarından, əsasən bu möhtəşəm karvansarada istirahət edərdilər. Elə tikilinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olan Buxaradan götürülüb. Bu karvansara bir mərtəbəlidir. Ehtimal olunur ki, tikilinin digər mərtəbəsi yerin altında qalıb. Belə ki, Şərq karvansaralarının özünəməxsus memarlıq quruluşu olub. Adətən 2 mərtəbəli inşa olunan tikilinin alt mərtəbəsindən anbar kimi istifadə edilib. Yuxarı mərtəbədə isə qonaq otaqları və tacirlərin heyvanlarını saxladıqları yerlər inşa edilib. 17 otaqdan ibarət olan Buxara karvansarasının ən özəl xüsusiyyəti isə onun dairəvi formada olmasıdır.
Karvansaranın həyətinin mərkəzində bütün Şərq karvansaralarında olduğu kimi hovuz yerləşir. XV əsrdən bu günə qədər olduğu kimi qorunub saxlanılan hovuz insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Burada sistem elə quraşdırılıb ki, suyun hara və necə axıb tökülməsi hələ də müəyyən edilməyib. Karvansaranın divarlarını qədim Azərbaycan xalçaları, kilimlər, bəzək əşyaları, Bakını təsvir edən rəsmlər bəzəyir. Burada əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.
Hazırda dövlət başçısının müvafiq sərəncamına əsasən burada bərpa işləri davam etdirilir.[1]