Köhnə Xanqızı kanalı

Köhnə Xanqızı kanalı (Orconokidze kanalı) - 1933-cü ildə istifadəyə verilən əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kanal.[1]

Köhnə Xanqızı kanalı
Axdığı yerlər BeyləqanAğcabədi
Uzunluğu 64,5 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tikilmə tarixi

[redaktə | mənbəni redaktə et]

Köhnə Xanqızı suvarma sistemi şimaldan Qarqarçay, cənubdan Araz çayı ilə həmsərhəd olan Mil düzünün orta hissəsində yerləşirdi. Köhnə Xanqızı kanalının IV-VI əsrlərdə tikildiyi güman olunur. Tarixi mənbələrdə bu kanalın adı Borlos kimi də çəkilirdi. Sonrakı illərdə Gavurarx adlandırılmışdır. Araz çayından təxminən eyni hissədə su götürməklə, çayın sağ sahili boyunca İranın Muğan düzündə əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kanalın adı da Gavurarx olmuşdur. Yararsız hala düşmüş kanal XIV əsrdə Teymurləng tərəfindən bərpa olunmuş, qarabağlı Əhməd bəy Cavanşir tərəfindən 1866-cı ildə Araz çayından 8 km uzunluğunda olan dağılmış hissə tikinti-bərpa işlərindən sonra Gavurarx adıyla kanal yenidən istifadəyə verilmişdir. Sonrakı illərdə suvarma sistemini bərpa etmək üçün təşəbbüslər olsa da, tikinti-bərpa işləri 1927-1933-cü illərdə görülmüşdür. Kanal istifadəyə veriləndə dövrünün tanınmış bolşeviklərindən biri, gürcü millətindən olan Qriqori Konstantinoviç Orconikidzenin şərəfinə Orconikidze kanalı adlandırılmışdır. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 64,5 km, su nəqletdirmə qabiliyyəti 33 m³/san idi. Əmirzeyidli kəndi yaxınlığında Araz çayında tənzimləmə işləri görməklə kanala su qəbul edilmişdir. Sovetlər ölkəsində Q.K.Orconikidze adına kanalın istifadəyə verilməsi irriqasiya tikintisi sahəsində böyük nailiyyət kimi qeyd edildi. Suvarma sistemindəki 33 min hektar əkin sahəsində pambıq bitkisinin becərilməsi üçün əlverişli şərait yaradıldı. İşçi qüvvəsi olaraq bu əraziyə digər bölgələrdən köçkünlərin məskunlaşdırılmasına, yeni kənd və qəsəbələrin salınmasına başlanıldı. Köhnə Xanqızı kanalına Araz çayından tələbata uyğun həcmdə su götürülməsində müntəzəm olaraq problemlər yaranırdı. Bu problemlər Baş Mil kanalı (1976-cı il) istismara verildikdən sonra həll edildi. Köhnə Xanqızı kanalına suyu Baş Mil kanalından vermək mümkün oldu. Bununla da Araz çayından tələb olunduqda, saniyədə 8-15 m³ su götürülürdü.

Köhnə Xanqızı kanalın suyundan istifadə etməklə, yalnız Beyləqan rayonu ərazisində 34 min hektar sahə suvarılır. Kanalın uzunluğu 64 km, suaparma qabiliyyəti isə 45 m³/san-dir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Paşayev E.P., Həsənov F.H. "Azdövsutəslayihə” institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010 Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine s. 37-38