Bəsitçay – Zəngilan rayonu ərazisindən axan çay. Bartaz yaylasından başlayaraq axarı boyunca Qixovuz, Kükrətaz, Sobusu çaylarını özünə birləşdirir. Baharlı kəndindən keçərkən Rəzdərə kəndində Rəzdərəçay adlanır[1]
Bəsitçay | |
---|---|
Bəsitçay | |
Ölkələr | |
Keçdiyi ərazilər | Zəngilan rayonu |
Mənsəbi | Araz |
Uzunluğu | 44 km |
Su sərfi | 1,15 m³/s |
Hövzəsinin sahəsi | 356 km² |
Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistan Respublikasından götürür. Çayın uzunluğu 44 km (17 km-i Azərbaycan ərazisinə düşür) su toplayıcı hövzəsi isə 354 km²–dir (156 km²-i Azərbaycan ərazisinə düşür). Çayın en kəsiyindən az sulu illərdə 0,65 m³/san, orta sulu illərdə 2,10 m³/san, çox sulu illərdə isə 4,05 m³/san su axır. Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir.[2]
Zəngilan rayonu ərazisində çay Araz çayının qoludur. Xalq arasında Balaçay da adlanır. Çayın Baharlı kəndindən axan hissəsi Baharlı, Rəzdərə kəndindən axan hissəsi isə Rəzdərə adlanır. Bu çayın axdığı Bəsitçay dərəsi (bəzi mənbələrdə Basutçay dərəsi) dövlət qoruğudur və burada nadir çinar ağacları qorunur. Tədqiqatçılar bu hidronimi monqol mənşəli besut tayfasının adı ilə bağlayırlar. Hidronim bəsit (bəst fars. "sığınacaq, toxunulmaz yer"; İranda qədim adətə əsaslanan ərazi toxunulmazlığı hüququ; məbədlər, məscidlər, sərdabələr) və çay (su hövzəsi) komponentlərindən düzəlib, ərazinin toxunulmaz olduğunu bildirir. Tacikistanda Bəsid, Cənubi Azərbaycanda Bəsit adlı kəndlərin olması məlumdur.[3]